Microsoft-dakı nasazlıqdan sonra hovuzda fəlakət — 15 nəfər...
Almaniyadakı bir otelin üzgüçülük hovuzunda baş verən zəhərlənmə hadisəsinə gözlənilməz texniki nasazlığın səbəb olduğu müəyyən edilib. Hovuzdakı xlor səviyyəsi təhlükəli həddə çataraq 15 nəfərin səhhətinin pisləşməsinə yol açıb; sonradan məlum olub ki, "Microsoft Outlook" sistemindəki nasazlıq səbəbindən avtomatlaşdırılmış xəbərdarlıq mesajları otel rəhbərliyinə çatmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Hadisədən sonra dörd nəfər xəstəxanaya yerləşdirilib.
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Brül şəhərində yerləşən "Phantasialand" əyləncə parkındakı "Ling Bao" otelində qeyri-adi zəhərlənmə hadisəsi baş verib. Otelin üzgüçülük hovuzuna daxil olan on beş nəfər, sudakı xlor səviyyəsinin həddindən artıq yüksək olması səbəbindən səhhətlərində problemlərlə üzləşib.
Almaniyanın "Bild" qəzetinin məlumatına görə, hadisədən sonra aparılan araşdırmalar üzə çıxarıb ki, hovuzun avtomatik kimyəvi maddə dozalama sistemindəki nasazlıq Microsoft-un elektron poçt xidmətindəki kəsilmə ilə üst-üstə düşüb.
Otelin üzgüçülük hovuzundan istifadə edən qonaqlar yüksək miqdarda xlora məruz qalıblar. Bəzi şəxslərdə tənəffüs yollarında qıcıqlanma və nəfəsalmada çətinlik kimi əlamətlər müşahidə olunub.
Hadisədən sonra əraziyə tibb qrupları cəlb edilib. Ümumilikdə 15 nəfər zərər çəkib; onlardan dördü xəstəxanaya yerləşdirilib, bir nəfərin isə orta dərəcəli xəsarət aldığı bildirilib.
21:11 15.11.2026
Oxunuş sayı: 109