Şimali Makedoniyada 1000-dən çox inək şəhəri "ələ keçirdi" – Fövqəladə vəziyyət
Şimali Makedoniyanın Kriva Palanka şəhərində 1000-dən çox sahibsiz inəyin nəzarətsiz şəkildə küçələrdə dolaşması ciddi problemə çevrilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, heyvanlar əkin sahələrinə və bağlara ziyan vurmaqla yanaşı, şəhər mərkəzinə və avtomobil yollarına qədər gedib çıxıblar.
Bu isə həm sakinlərin gündəlik həyatına, həm də yol hərəkətinin təhlükəsizliyinə ciddi maneə yaradır.
Kriva Palanka bələdiyyəsinin meri Saşko Mitovski problemin yerli idarəetmənin imkanlarını aşdığını bildirərək hökumətdən 30 günlük fövqəladə vəziyyət elan edilməsini istəyib.
Bələdiyyənin böhran qrupu tərəfindən hazırlanan hesabatda heyvanların tutulması və təhlükəsiz ərazilərə köçürülməsi üçün əlavə maliyyə, logistika dəstəyi və xüsusi texnikaya ehtiyac olduğu vurğulanıb.
Sahibsiz inəklərin kənd təsərrüfatına vurduğu zərər də kifayət qədər böyükdür. Yerli mediaya danışan fermerlərdən biri ötən il heyvanların onun 20 tondan çox kələmini məhv etdiyini və şəxsi zərərinin 15 min avronu keçdiyini bildirib.
Problemdən zərər çəkən sakinlər isə kollektiv təzminat iddiası qaldırmağa hazırlaşırlar. Bələdiyyə artıq noyabrın 3-dən etibarən vətəndaşların maddi itkilərini qeydə almaq üçün vahid sistem yaradıb.
Hökumətin 30 günlük fövqəladə vəziyyət tələbinə necə cavab verəcəyi hələlik məlum deyil.
21:20 15.11.2026
Oxunuş sayı: 316