Tramp ABŞ hava limanlarındakı böhrana görə Baydeni günahlandırıb
ABŞ Prezidenti Donald Tramp ölkənin aviasiya tənzimləmə sisteminin vəziyyətinə görə sələfi Co Baydenin administrasiyasını ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında FAA-nın mövcud vəziyyətini fəlakətli adlandırıb. Onun sözlərinə görə, Bayden administrasiyasının əməkdaşları toxunduqları hər şeyi korlayıblar.
“Böyük məbləğdə vəsait səmərəsiz xərclənib və nəticədə köhnə, nasaz sistem əvvəlkindən də pis vəziyyətə düşüb”, – deyə ABŞ prezidenti bildirib.
Tramp administrasiyasının hava hərəkətinə nəzarət xidmətinin yenilənməsi ilə bağlı planının olduğunu da açıqlayıb. O, Konqresi planın həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin ayrılmasını təcili təsdiqləməyə çağırıb.
Qeyd edək ki, bu həftə ABŞ-də hava limanlarında baş verən genişmiqyaslı texniki nasazlıqdan sonra təyyarə reyslərinin həyata keçirilməsi bərpa olunub. Dörd saatdan çox davam edən problem ölkə üzrə hava limanlarının fəaliyyətinə ciddi təsir göstərib.
ABŞ-nin nəqliyyat naziri Şon Daffinin sözlərinə görə, uçuşların dayandırılmasına hava hərəkətinin idarə edilməsi sistemindəki köhnəlmiş avadanlıqların həddindən artıq yüklənməsi səbəb olub. Nəticədə minlərlə reys ləğv edilib və ya gecikib.
Sonradan məlum olub ki, böhrana köhnə elektrik naqillərinin dəyişdirilməsi cəhdi səbəb olub. Uçuş cədvəllərinin tam bərpasının bir neçə gün çəkə biləcəyi bildirilir.
20:19 15.11.2026
Oxunuş sayı: 109