İranın təhdidləri Ağ Evdə təşviş yaratdı: Bu nazir hərbi bazaya yerləşdirildi
ABŞ-nin maliyyə naziri Skott Bessent İrandan aldığı ölüm təhdidləri səbəbindən Vaşinqtondakı evini tərk edərək hərbi bazaya köçüb.
Crossmedia.az xəbər verir ki, Bessent bu barədə CNBC telekanalına müsahibəsində danışıb.
O, ABŞ Məxfi Xidmətinin təhlükəsizlik tövsiyələrinə uyğun olaraq yaşayış yerini dəyişdiyini bildirib.
Nazirin sözlərinə görə, İran təkcə ona deyil, ABŞ administrasiyasının digər yüksək vəzifəli şəxslərinə və Körfəz regionunda xidmət edən amerikalı hərbçilərə də təhdidlər ünvanlayıb.
Bessent bu təhdidləri Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalarla əlaqələndirib. O, İran İnqilab Keşikçiləri Korpusunun artan təzyiqlər fonunda təhlükəli addımlar ata biləcəyini iddia edib.
ABŞ maliyyə naziri həmçinin “The Wall Street Journal” qəzetini təhlükəsizliyini riskə atmaqda ittiham edib. Onun sözlərinə görə, nəşr 2025-ci ilin yanvarında satın aldığı Vaşinqtondakı evinin havadan çəkilmiş fotosunu yayımlayıb və bununla yaşayış ünvanının müəyyənləşdirilməsini asanlaşdırıb.
Məlumata görə, ABŞ administrasiyasının digər yüksək vəzifəli şəxsləri də təhlükəsizlik səbəbindən hərbi obyektlərdə yaşamağa başlayıblar. Dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset Fort Makneyr hərbi bazasında, ədliyyə naziri Todd Blanş isə hərbi yaşayış məntəqəsində yerləşdirilib.
Beləliklə, Tramp administrasiyasının azı dörd yüksək vəzifəli nümayəndəsinin təhlükəsizlik tədbirləri çərçivəsində hərbi obyektlərə köçdüyü bildirilib.
Qeyd edək ki, İran ABŞ ərazisində amerikalı rəsmilərə və vətəndaşlara hücum hazırladığı barədə iddiaları rədd edib.
23:09 15.11.2026
Oxunuş sayı: 294