Bir zarafata görə 3 il həbs olundu
Rusiyanın Yakutsk şəhərində restoranda bomba olması barədə bilərəkdən yalan məlumat verən şəxs üç il müddətinə azadlıqdan məhrum edilib.
Crossmedia.az xəbər verir ki, “KP.ru” bu barədə məlumat yayıb.
Hadisə 2025-ci ilin dekabrında baş verib. Sərxoş vəziyyətdə restorana gələn şəxs spirtli içki almaq istəyib. O, müəssisənin əməkdaşlarından birinə binada bomba olduğunu bildirib.
Məlumat daxil olduqdan sonra hadisə yerinə 2 saylı polis şöbəsinin istintaq-əməliyyat qrupu, OMON və digər xidmətlərin əməkdaşları cəlb olunub. Ərazi yoxlanılsa da, partlayıcı qurğu aşkarlanmayıb.
Saxlanılan şəxs ifadəsində bomba barədə yalan məlumatı restorandakı əməkdaşların müştəriləri zaldan çıxarması üçün verdiyini bildirib. Onun barəsində cinayət işi başlanıb və istintaq zamanı təqsirini etiraf edib.
Məhkəmənin hökmü ilə həmin şəxs üç il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
23:56 15.11.2026
Oxunuş sayı: 77