“Qatil robotlar” üçün beynəlxalq mübarizə: 128 ölkə Cenevrədə toplanır
Süni intellekt vasitəsilə hədəfləri müstəqil müəyyənləşdirən və insan müdaxiləsi olmadan hücum edə bilən avtonom silah sistemləri beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilib.
Bu məsələ ilə bağlı noyabrın 16-20-də BMT-nin Cenevrədəki konfransında 128 ölkənin nümayəndələri bir araya gələcək.
Crossmedia.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata görə, müzakirələrin əsas mövzusu ölümcül avtonom silah sistemlərinin istifadəsinə beynəlxalq hüquqi məhdudiyyətlərin tətbiqi olacaq. İctimaiyyətdə “qatil robotlar” adlandırılan bu sistemlər sensorlar və süni intellekt alqoritmləri vasitəsilə hədəfləri aşkar edə, seçə və insan qərarı olmadan hücum həyata keçirə bilir.
Konfrans ərəfəsində ölkələr arasında fikir ayrılıqları da üzə çıxıb. Bir sıra dövlətlər bu silahların istifadəsini məhdudlaşdıran hüquqi baxımdan məcburi beynəlxalq sazişin qəbulunu istəyir. ABŞ və Rusiya da daxil olmaqla bəzi hərbi güclər isə belə bir razılaşmaya ehtiyatla yanaşır və milli tənzimləmələrə üstünlük verirlər.
ABŞ beşillik, hüquqi öhdəlik yaratmayan çərçivə sənədini təklif edir. Rusiya da beynəlxalq səviyyədə məcburi qaydaların tətbiqi əvəzinə milli tənzimləmə mexanizmlərini dəstəkləyən mövqedədir.
Müzakirələrdə Ukrayna və Yaxın Şərqdəki münaqişələrin də avtonom və süni intellektlə təchiz edilmiş silahların hərbi əməliyyatlarda istifadəsi ilə bağlı narahatlıqları artırdığı vurğulanır.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk dövlətləri bu silahların tənzimlənməsi ilə bağlı təcili razılığa gəlməyə çağırıb. O bildirib ki, insanın yaşayıb-yaşamaması barədə qərarı heç vaxt maşın verməməlidir.
BMT-nin məlumatına görə, konfransda 2024-2026-cı illərdə ölümcül avtonom silah sistemləri üzrə fəaliyyət göstərən Hökumət Ekspertləri Qrupunun sentyabr ayında qəbul etdiyi hesabat da nəzərdən keçiriləcək.
Görüşün əsas məqsədlərindən biri bu silahların gələcək istifadəsini tənzimləyəcək beynəlxalq hüquqi mexanizmlərin yaradılması istiqamətində növbəti addımları müəyyənləşdirməkdir.
20:55 15.11.2026
Oxunuş sayı: 103