Fransada prezidentliyə namizəd XİN rəhbərini “kloun” və “dəli” adlandırdı
Fransada prezidentliyə namizəd Nikolya Düpon-Enyan ölkənin xarici işlər naziri Jan-Noel Barro haqqında sərt ifadələr işlədib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşri məlumat yayıb.
Siyasətçi TVL telekanalının “Samedi Politique” proqramına müsahibəsində Fransa XİN rəhbərini “kloun” və “dəli” adlandırıb.
O, bu açıqlamanı aparıcının Ukrayna münaqişəsinin nizamlanması üzrə Əbu-Dabidə keçirilən danışıqlarda Avropa İttifaqı nümayəndələrinin “barın qonaqları” vəziyyətində qalmasının səbəbləri ilə bağlı sualını cavablandırarkən verib.
Düpon-Enyan bu ifadələrinə görə Barro tərəfindən məhkəməyə verilə biləcəyini istisna etməyib. Lakin bunun böhtan deyil, reallığın ifadəsi olduğunu bildirib. O, hazırkı Avropa İttifaqı rəsmilərini də qeyri-adekvat adlandıraraq təşkilatın danışıqlar masasında yer ala bilməməsini üzv ölkələrin səriştəsiz, korrupsiyalaşmış şəxslər tərəfindən idarə olunması ilə əlaqələndirib.
Fransalı siyasətçinin fikrincə, ölkəsi Ukrayna münaqişəsinin həlli ilə bağlı öz milli maraqlarına əsaslanan müstəqil mövqe formalaşdırmalıdır.
O, keçmiş prezident Jak Şirakı xatırladaraq, onun Vladimir Putinlə yaxşı münasibətlər saxladığını və Ukraynanın neytral, demilitarizasiya olunmuş zona olması ideyasını ABŞ-yə təklif etdiyini bildirib.
Düpon-Enyan həmçinin ABŞ-nin Avropanı Rusiyadan ayırmaqla hər iki tərəfi zəiflətməyə çalışdığını iddia edib.
Qeyd edək ki, siyasətçi Avropanın Rusiyanın təbii və elmi resursları ilə əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Moskva ilə dialoqun bərpası və Rusiyaya qarşı sanksiyaların yumşaldılması Avropanın ABŞ və Çindən asılılığını azalda bilər.
20:27 15.11.2026
Oxunuş sayı: 114