Ultra-emal olunmuş qidaları tamamilə dayandırmaq lazımdırmı?
Ultra-emal olunmuş qidaların sağlamlığa təsiri son illərdə qidalanma ilə bağlı müzakirələrin əsas mövzularından birinə çevrilib. Hazır şirniyyatlar, paketlənmiş qəlyanaltılar, şəkərli içkilər, bəzi fast-food məhsulları və digər sənaye üsulu ilə hazırlanan qidalar gündəlik rasionda geniş yer tutur. Bununla belə, belə məhsulların hamısını eyni kateqoriyada qiymətləndirmək və onların hər birini eyni dərəcədə zərərli hesab etmək düzgün yanaşma sayılmır. Mütəxəssislər qidalanmada əsas diqqətin ayrı-ayrı məhsulların tamamilə qadağan edilməsinə deyil, ümumi rasionun keyfiyyətinə yönəldilməsinin vacibliyini bildirirlər. Tərəvəz, meyvə, paxlalılar, tam taxıllar, zülal mənbələri, qoz-fındıq və toxumlar kimi qida dəyəri yüksək məhsulların rasionda üstünlük təşkil etməsi sağlam qidalanmanın əsasını təşkil edir. Bəs ultra-emal olunmuş qidaları gündəlik həyatdan tamamilə çıxarmadan da sağlam qidalanmaq mümkündürmü?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, ultra-emal olunmuş qidaları tamamilə həyatından çıxarmadan da sağlam qidalanmaq mümkündür:

"Burada əsas məsələ bu məhsulların mövcud olub-olmamasından daha çox, gündəlik qidalanmada nə qədər yer tutması, nə qədər tez-tez istehlak edilməsi və ümumi rasionun keyfiyyətidir. Ultra-emal olunmuş qidalar dedikdə adətən yalnız bir neçə inqrediyentdən ibarət sadə məhsullar deyil, sənaye üsulu ilə hazırlanmış, tərkibində müxtəlif dadlandırıcılar, aromatizatorlar, rəngləndiricilər, emulqatorlar, konservantlar və digər texnoloji komponentlər ola bilən məhsullar nəzərdə tutulur. Qazlı və şəkərli içkilər, bəzi hazır şirniyyat və qəlyanaltılar, paketlənmiş fast-food məhsulları, bəzi hazır yeməklər, kolbasa və digər emal olunmuş ət məhsulları bu kateqoriyaya daxil ola bilər. Lakin bütün ultra-emal olunmuş məhsulların qida tərkibi və sağlamlıq baxımından təsiri eyni deyil. Mövcud araşdırmalarda ultra-emal olunmuş qidaların yüksək istehlakı piylənmə, ürək-damar xəstəlikləri, 2-ci tip diabet və bəzi digər xroniki xəstəliklərin daha yüksək riski ilə əlaqələndirilib. Ancaq burada vacib məqam odur ki, “əlaqələndirilmə” avtomatik olaraq “bu qida xəstəliyə birbaşa səbəb olur” demək deyil. İnsanların ümumi qidalanma modeli, fiziki aktivliyi, enerji qəbulu, yuxusu, sosial-iqtisadi vəziyyəti və digər amillər də nəticələrə təsir göstərə bilər".
Qida eksperti qeyd edib ki, yanaşma “ultra-emal olunmuş qidanı sıfıra endirmək” yox, rasionun əsasını daha az emal olunmuş və qida dəyəri yüksək məhsullardan təşkil etmək olmalıdır. "Tərəvəz, meyvə, paxlalılar, tam taxıllar, yumurta, balıq, süd məhsulları, qoz-fındıq, toxumlar və keyfiyyətli zülal mənbələri gündəlik qidalanmada daha böyük paya malik olduqda, ara-sıra istehlak edilən bir paket qəlyanaltı və ya hazır məhsul ümumi sağlam qidalanmanı avtomatik olaraq pozmur. Məsələn, insan həftədə bir neçə dəfə şokolad, peçenye və ya hazır qəlyanaltı yeyirsə, amma gündəlik rasionunda tərəvəz, meyvə, zülal və tam taxıllar kifayət qədərdirsə, bunu sağlam qidalanmanın tamamilə pozulması kimi qiymətləndirmək düzgün olmaz. Əsas problem bu məhsulların gündəlik rasionun əsas hissəsinə çevrilməsidir. Digər tərəfdən, məhsulun “ultra-emal olunmuş” olması ilə yanaşı onun şəkər, duz, doymuş yağ, enerji və lif tərkibinə də baxmaq lazımdır. Etiket oxumaq bu baxımdan çox vacibdir. Tərkib siyahısında çoxsaylı komponentlərin olması təkbaşına məhsulun zərərli olduğunu sübut etmir; lakin yüksək miqdarda əlavə şəkər, duz və doymuş yağ, aşağı lif və yüksək enerji sıxlığı olan məhsulların tez-tez istehlakı məhdudlaşdırılmalıdır. Burada “tam qadağa” yanaşmasının başqa bir problemi də var. İnsanlara sevdikləri bütün qidaları qəti şəkildə qadağan etmək uzunmüddətli dövrdə davamlı qidalanma vərdişi yaratmaya bilər. Daha real yanaşma 80–90 faiz əsasən qida dəyəri yüksək məhsullara, qalan hissəni isə fərdi seçimlərə ayırmaq kimi düşünülə bilər. Bu, sərt tibbi norma deyil, sağlam qidalanmanı gündəlik həyata uyğunlaşdırmaq üçün praktik yanaşmadır".
Ekspertin fikrincə, sağlam qalmaq üçün ultra-emal olunmuş qidaları mütləq şəkildə həyatımızdan tamamilə silmək şərt deyil: "Əsas məsələ onların rasiondakı payı, istehlak tezliyi və məhsulun konkret qida xüsusiyyətləridir. Rasionun əsasını təbii və ya minimal emal olunmuş qidalar təşkil edir, ultra-emal olunmuş məhsullar isə daha az və ölçülü şəkildə istifadə olunursa, bu, daha balanslı və davamlı qidalanma modelinə uyğun ola bilər".
Zeynəb Həsən
20:50 29.09.2026
Oxunuş sayı: 38