Gördüyümüz zorakılıq yaddaşımızdan silinmir? – Psixoloqdan vacib açıqlama
İnsan zorakılığın birbaşa iştirakçısı olmasa belə, belə hadisənin şahidi olması psixoloji baxımdan təsirsiz ötüşməyə bilər. Xüsusilə qəfil və təhlükə hissi yaradan hadisələr insanın yaddaşında uzun müddət qala, sonradan qorxu, narahatlıq və emosional gərginlik şəklində özünü göstərə bilər. Lakin eyni hadisəni yaşayan və ya müşahidə edən insanların reaksiyaları da bir-birindən fərqlənə bilər. Hadisədən sonra yaranan reaksiyaların nə qədər davam etməsi və gündəlik həyata necə təsir göstərməsi də mühüm amillərdəndir. Bəzi insanlarda bu hisslər qısa müddətdə zəiflədiyi halda, digərlərində hadisənin görüntüləri, yuxu problemləri və narahatlıq daha uzun müddət davam edə bilər. Bəs zorakılığın şahidi olan insan yaşadığı psixoloji təsirdən necə uzaqlaşa bilər və hansı hallarda mütəxəssis dəstəyinə ehtiyac yaranır?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən klinik psixoloq və təlimçi Çinarə Kazımzadə bildirib ki, insan zorakılığa birbaşa məruz qalmasa belə, şahid olduğu və ya gördüyü hadisələr psixoloji baxımdan əhəmiyyətli təsir yarada bilər.
"Bu təsirin necə və nə dərəcədə ortaya çıxması hər insanda eyni olmur. İnsanın həmin andakı emosional vəziyyəti, əvvəlki təcrübələri, fərdi xüsusiyyətləri, hadisəni necə qavraması və təhlükə hissinin nə qədər güclü olması onun reaksiyasına təsir göstərə bilər. Ona görə də belə bir hadisədən sonra insanın özünə “Mən bunu unutmalıyam”, “artıq təsirlənməməliyəm” və ya “özümü toparlamalıyam” kimi əlavə təzyiq göstərməsi doğru yanaşma deyil. Travmatik təcrübədən sonra qorxu, narahatlıq, hadisənin görüntülərinin təkrar xatırlanması, yuxu problemləri və emosional gərginlik kimi reaksiyalar müşahidə oluna bilər. Bu reaksiyalar hər zaman psixi pozuntu anlamına gəlmir; müəyyən hallarda bunlar beynin yaşanmış hadisəni emal etməyə verdiyi təbii reaksiyalardır. Bu prosesdə ən vacib məqamlardan biri düzgün psixoloji dəstəyin göstərilməsidir. Burada hər kəs üçün eyni dəstək və ya eyni müdaxilə formasından danışmaq doğru olmaz. İlk növbədə hadisənin həmin insana psixoloji olaraq necə təsir göstərdiyini, hansı reaksiyaların yarandığını və onun fərdi ehtiyaclarının nədən ibarət olduğunu dəyərləndirmək lazımdır. Daha sonra insana uyğun dəstək və müdaxilə yolu müəyyənləşdirilməlidir. Yəni məqsəd sadəcə “hadisəni unutdurmaq” deyil, insanın yaşadığı təcrübəni təhlükəsiz şəkildə emal etməsinə və özünü yenidən psixoloji baxımdan təhlükəsiz hiss etməsinə kömək etməkdir".
Psixoloq qeyd edib ki, eyni hadisənin şahidi olan iki insan həmin təcrübədən tamamilə fərqli şəkildə təsirlənə bilər: "Bir insanda reaksiyalar qısa müddətdə azalarkən, digərində hadisənin görüntüləri, qorxu və narahatlıq daha uzun müddət davam edə bilər. Bu səbəbdən travmanın təsirini yalnız hadisənin özünün ağırlığı ilə deyil, insanın fərdi xüsusiyyətləri və hadisəni necə yaşaması ilə birlikdə qiymətləndirmək lazımdır. Əgər bu reaksiyalar zaman keçdikcə azalmır, əksinə güclənirsə və insanın yuxusuna, gündəlik fəaliyyətinə, münasibətlərinə və həyat keyfiyyətinə təsir göstərməyə başlayırsa, psixoloji dəstəyə müraciət etmək məqsədəuyğundur. Vaxtında və fərdiləşdirilmiş dəstək insanın bu təcrübəni daha sağlam şəkildə emal etməsinə kömək edə bilər. Bunu illərdir apardığım seanslarda da dəfələrlə müşahidə etmişəm ki, eyni hadisə hər insanda fərqli iz buraxa bilər. Ona görə də travma ilə işdə ən önəmli məqam insanı anlamaq və ona ehtiyacına uyğun düzgün dəstək göstərməkdir".
Zeynəb Həsən
17:30 29.09.2026
Oxunuş sayı: 37