Ermənistandan məhsul ixracı başladı: Azərbaycan–Ermənistan ticarətində GÖZLƏNİLMƏZ ADDIM
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edildiyi açıqlanıb. Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan tədarükün həyata keçirildiyini təsdiqləsə də, ixracın həcmi barədə məlumat verməyib. İki ölkə arasında qarşılıqlı ticarətin genişləndirilməsi istiqamətində atılan addımlar fonunda bu tədarük iqtisadi əlaqələr baxımından diqqət çəkir. Ermənistan tərəfinin açıqlamasına görə, Azərbaycana digər məhsulların ixracının planlaşdırılıb-planlaşdırılmadığı isə hələlik məlum deyil.
Crossmedia.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov Azərbaycan və Ermənistan arasında qarşılıqlı ticarət münasibətlərinin inkişafının regionda dayanıqlı sülh və iqtisadi inteqrasiya baxımından əhəmiyyətli olduğunu bildirib: “Qarşılıqlı ticarət münasibətlərinin başlanması həm yekun sülh sazişinin bağlanması, həm də regionda dayanıqlı sülh münasibətlərinin formalaşması və geosiyasi sabitliyin təmin edilməsi baxımından çox dəyərli faktor rolunu oynayır. Xüsusilə qlobal siyasi mühitin bu qədər pisləşdiyi və gərginləşdiyi bir dövrdə bu, daha böyük əhəmiyyət daşıyır”.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında ticarətin inkişafı sərhədyanı bölgələrin iqtisadi inkişafına və məşğulluğun artmasına da təsir göstərə bilər: “İnkişaf etmiş iqtisadiyyatlar qlobal iqtisadi inteqrasiya şəraitində özünü daha effektiv göstərə bilir. Bu aspektdən qonşu ölkələrlə əməkdaşlıq çox ciddi amildir. Azərbaycan-Ermənistan münasibətləri baxımından sərhədyanı bölgələrdə ticarətin inkişaf etməsi, ucqarların inkişafı və məşğulluğun artırılması kifayət qədər əhəmiyyətlidir. Həmçinin mal və xidmətlərin daha əlverişli şərtlərlə istehsal edilməsi, onların ticarətinin formalaşması və daha əlverişli qiymətlərlə hər iki ölkə əhalisinin istehlakına təqdim olunması baxımından da önəmlidir”.
Rəşad Həsənov Azərbaycan və Ermənistan arasında ticarətin genişləndirilməsi üçün hər iki tərəfin müəyyən üstünlüklərə malik olduğunu bildirib: “Azərbaycanın müxtəlif istiqamətlərdə Ermənistana məhsul və xidmətlər ixrac etmək imkanı vardır. Bunlara enerji, mədən sənayesi, yeyinti məhsulları və kimya sənayesi məhsulları aid edilə bilər. Ermənistanın da müəyyən üstünlükləri var. Buraya mədən sənayesi məhsulları, müxtəlif spirtli içkilər, aqrar və kənd təsərrüfatı-yeyinti sənayesi məhsulları, həmçinin trikotaj məhsulları daxildir”.
İqtisadçı orta və uzunmüddətli perspektivdə yeni sahələrin də ticarət əlaqələrinə daxil ola biləcəyini qeyd edib: “Orta və uzunmüddətli dövrdə xüsusilə süni intellekt texnologiyaları və xidmətlərinin ixracı baxımından müqayisəli üstünlüklərin olduğunu demək mümkündür. Bu da iki ölkə arasında ticarət münasibətlərinin daha da genişləndirilməsi və şaxələndirilməsi potensialının olduğunu göstərir”.
Nigar Xəlilli
18:30 24.09.2026
Oxunuş sayı: 37