İran İslam Respublikasının rəsmi dövlət kanallarından birində spiker dəvət olunmuş bir ekspertdən soruşur ki, “İndi biz bunlara nə deməliyik? azəri deməliyik, yoxsa türk deməliyik?” Ekspertdə uzun söhbətdən sonra bir namenklatur cavab verir və spiker qərara gəlir ki, deməli bunlara “azəri demək düzgün olar”. Əlbətdə ki, ekspert molla rejiminin məmurudur və ondan daha düzgün cavab almaq olmaz. O, spikerə demir ki, get babalarundan soruş gör, onlar Qacaq zamanı “bunlara”, yəni öz agalarına nə deyirdilər. əslində spikerin də kimliyi böyük sual altındadır və onun özünə “nə deməliyik”, o da məlum deyil.
Müxtəsər, böyük dərddir. Bir fars üçün “bunlara nə deməliyik?” sualı açıq müzakirə obyekti deyil. Şirazda iranın bir qrup fars aristokratları ilə müzakirə zamanı “Siz bu böyüklükdə xalqı görməyə bilməzsiniz” deyə müraciət etdikdə təəccüblə soruşdular ki, “hansı böyüklükdə?”Deyəndə ki, sizin rəsmi statistikaya görə İranda 20-30 milyon türk yaşayır, əminliklə cavab verdilər ki, ola bilməz, siz nə danışırsız? Bu o demək idi ki, İran fars elitası bu problemi görməməklə özünü rahat edir, irəliyə isə azərbaycanlılardan ibarət bir qrup marginalları ötürür və danışdırır. Çox ola bilsin ki, həmin televiziya spikeri də elə türk olsun...
İranda irançılıq ideologiyası türk kimliyi əleyhinə kampaniya ilə 1920-ci illərdən başladı. Əslində İrançılıq ideologiyasını başlayanların da əksəriyyəti türk əsillilər idi və öz düşüncələrində bir iranlı modeli quraraq dünyanın ən yaxşı xislətlərini də ona yükləmiş və ideal insan formalaşdırmışdılar. Bu o zaman idi ki, Sovet İttifaqında da “qabaqcıl sovet insanı” yaratmaga başlamışdılar. Mayakovski də bundan həvəslənib yazırdı;
Mən qurd kimi gəmirərdim bürokratizmi.
Mandatlara qarşı yoxdur hörmətim.
Rədd olsun cəhənnəmə hər hansı kağız!
Dalınca qara daş! Lakin mən bunu...
Dünyanın bir neçə ölkəsində bu eksperimenti etdilər. Sovet ittifaqında artıq 1950-ci illərdə hamı başa düşmüşdü ki, bu eksperiment səhfdir, irticaçıdır və dagıdıcıdır. Odur ki, əyalətlər də imitasiya edirdi, mərkəz də. Sovet insanı yaranmadı, onun əksinə marginallaşmış bir qrup rus dilini bilən ancaq rus olmayan təbligatçılar ortaya gəldi. Sovet vətəndaşlarını nə qədər rus olmaga təşviq edirdilərsə bir o qədər də rus olmaga nifrət qazanırdılar.
Dünya bundan nəticə çıxardı və İran üçün də bu bir təcrübə idi. Lakin İranda pəhləvi rejimi eksperimentləri davam etdirdi. Ölkədə bir qrup yıgma elita formalaşdırdılar və fars dilini elitar dil etməyə çalışdılar. Bir Qacaq əsilli Tehran aristokratı deyirdi ki, “biz bu fars dili ilə İngilislərlə koşdigiri (yani;güləşərik) edə bilərik”. Məlum oldu ki, heç nə edə bilmədilər. Fars dili yaranışından məbəd dili kimi formalaşmış və sonralar isə lirik-romantik poeziya bilinə çevrilmişdi. Dil qüsurlu idi və aydın qramatik normaları yox idi. Konkret elmi dil üçün və anlaşılan ünsiyyətə çox da uygun gəlmirdi. Nəticədə ümumxalq dilinə çevrilmədi. Hətda İran dillər qrupuna daxil olan taciklər, lorlar, bəxtiyarilər, giləklər də “ümumi fars dili standartlarına” keçə bilmədilər. İran farsdilli elitaya və geniş xalq kütlələrinə bölündü. Bu prosesdə türklər eksperimentin mərkəzində də olsalar tarixi ənənələrini qoruyur və hoviyyətlərini hifz edirdilər. Çünki, türkün tarixi yaddaşı, milli kimliyi, qəhrəmanlıq ənənəsi, musiqi duyumu, komunikativliyi və multikulturalizmi irəli sürülən doktrinadan daha güclü idi.
Diqqəti cəlb edən odur ki, İranda milli hüquqlara azadlıq şuarları ilə hakimiyyətə gəlmiş mollalar da bu eksperimenti davam etdirməyə çalışdılar. İran İslam Respublikasında ərəb dilini müdafiə etmək, ərəb dilini dövlət dili elan etmək kimi addımlar atmış olsaydılar, onları anlamaq olardı. Çünki, İslam dəyərləri ilə hökumət quran din xadimləri “çörəyi ərəb dilindən yeyirdilər”. İş o yerə gəldi ki, hazırda iranın din xadimləri də ərəb dilini bilmirlər. İndi iranda molla rejiminin “çörəyi fars dilindən çıxır”.
Ən böyük problem də burada yaranır. İslam doktrinasında “ana dilini kənara qoy və fars dilini öyrən” deyə bir qayda yoxdur. Əlbətdə ki, İran mollaları yeni bir hədis uydura bilər və ya cümə namazında, xütbədə elan edər ki, “İmamzaman tapşırıb ki, yalnız fars dilində danışmalısız…”O zaman təbii bir sual meydana gəlir ki, niyə ərəb dilində yox, fars dilində? Həmin molla bu suala cavab verə bilməyəcək.
Göründüyü kimi, İranda ana dili problemini yalnız dil məsələsi kimi deyil, dövlətin milli kimlik modeli ilə fərdi və etnik kimlik arasındakı ziddiyyət kimi görməliyik. Xüsusilə də “bunlara azəri, yoxsa türk deməliyik?” kimi epizodlarla hələ çox rastlaşacagıq.
İranda ana dili problemi yalnız Azərbaycan türkcəsinin təhsil və ictimai istifadə imkanlarının məhdudlaşdırılması məsələsi deyil, daha geniş mənada dövlət tərəfindən vahid “iranlı” kimliyinin qurulması ilə tarixi-etnik kimliklərin özünüifadəsi arasındakı ziddiyyətdir. Bu baxımdan Azərbaycan türklərinin dili məsələsi İranın milli kimlik modelinin ən həssas göstəricilərindən biridir. Bir azərbaycanlı nə etməlidir? Gözləməlidir ki, İran İslam Respublikası “universal iranlı” yetişdirsin, yeni milli kimlik yaratsın? Axı olmayan şeyi necə yaradacaq? İranın hələ də fars dilli elitası bəzən nastalji ilə “mənim böyük bababm da türk idi” deyir.
Burada məsələnin həlli “farslar türklərə qarşıdır” səviyyəsində deyil, İran dövlətinin qüsurlu milli kimlik konstruksiyasındadır, onun hansı tarixi yaddaş, dil, mifologiya və institusional mexanizmlər üzərində quruldugu siyasətdir.
Belə bir vəziyyətdə “insan necə davranmalıdır?” sualına cavab vermək lazım gəlir. Burada davranış modelini siyasi çağırış və ya qarşıdurma olaraq deyil, ana dilinin, kimliyin və sosial ləyaqətin qorunması üçün rasional fərdi və ictimai davranış modeli kimi qurmaq, təşkil etmək vacibdir və daha məhsuldardır.
İranda öz kimliyini dəqiq müəyyən etmək çox vacibdir. İlk addım olaraq insan başqalarının onun haqqında müəyyənləşdirdiyi ada uyğunlaşması şəklində deyil, özünü necə identifikasiya etdiyini aydınlaşdırmasıdır. Yəni insan üçün “Mənə nə deyirlər” yox, “Mən özümü kim hesab edirəm?” sualı olmalıdır. Əgər insan öz ana dilini, tarixi yaddaşını və mədəni mənsubiyyətini dərk edirsə, onun kimliyi inzibati nomenklatura ilə müəyyən edilmir.
Ana dili davası hər kəsin kimlik davasıdır və əgər o itərsə “ana dili ilə birlikdə sənin kimliyin də yox olacaq” düşüncəsi çox əhəmiyyətlidir. Başqa dili öyrənmək ana dilindən imtina etmək demək deyil. İnsan fars dilini, ərəb dilini, ingilis dilini və başqa dilləri mükəmməl öyrənə bilər. Lakin bunu öz ana dilinin əvəzinə qoymaq hesabına deyil, ana dilində iftixar etmək üçün edir. Beləliklə, çoxdillilik assimilasiya vasitəsi yox, əlavə imkan və fürsətlər kimi qəbul edilməlidir.
Dilə həm emosional, həm də funksional yanaşmaq lazımdır. Ana dilinin yaşaması yalnız evdə danışılması ilə təmin edilmir. Dil təhsildə, elmdə, ədəbiyyatda, mediada, rəqəmsal mühitdə, informasiya sistemlərində, ictimai xidmətlərdə istifadə olunmalıdır. Deməli, insanın davranışı “mən öz dilimi sevirəm” səviyyəsində qalmamalıdır. Ana dilində informasiya yaratmaq, oxumaq, yazmaq, öyrənmək və ötürmək dilin real sosial funksiyasını qoruyur.
Assimilyasiya təzyiqinə qarşı aqressiya deyil, ortaya mədəni və şuurlu davamlılıq qoymaq lazımdır. Milli kimliyə təzyiq göstərildikdə iki ifrat davranış qarşıya çıxa bilir. Dövlətin asimilyasiya siyasətinə “problem yaratmamaq üçün mən də onlar kimi olum” düşüncəsi yarana bilir. Eləcə də aqressiv qarşıdurma da yarana bilir. Yani, “mənim kimliyimə toxunursansa, sən mənim düşmənsən” düşüncəsi güclü bir alətdir. Bunların arasında bir fərqli davranış da mövcuddur. Sakit, şüurlu və ardıcıl mədəni müqavimət davranışı. Bu modeldə insan öz dilində danışır, övladına dili öyrədir, öz ədəbiyyatını oxuyur, tarixini araşdırır, mədəniyyətini yaradır, eyni zamanda başqa xalqa və başqa dilə düşmənçilik etmir.
“Biz və onlar” düşüncəsindən “mən kiməm?” düşüncəsinə keçmək çox əhəmiyyətlidir. Əgər insan bütün enerjisini “fars mənə nə deyir?”, “dövlət məni necə adlandırır?”, “televiziya mənim adımı necə çəkir?” suallarına sərf edirsə, onun kimliyi yenə də başqasının davranışından asılı vəziyyətdə qalır. Daha sağlam davranış “Mən öz kimliyimi başqasının mənə verdiyi adla deyil, öz tarixi yaddaşım, dilim, mədəniyyətim və sosial davranışımla müəyyən edirəm”düşüncəsi ilə müəyyənləşir. Bu zaman “azəri, yoxsa türk?” sualı da insanın, xalqın varlığını müəyyən edən əsas suala çevrilmir.
Milli kimliyi tarixi materiallar və xatirələrlə də yaşatmaq çətindir, onu gələcəyə daşımaq lazımdır. Ən vacib mərhələ də məhz budur. Ana dili yalnız keçmişin yadigarı kimi qorunursa, zaman keçdikcə o muzey eksponatına çevrilir. Ona görə də davranışın son mərhələsi dili qoruma, ondan geniş istifadə etmək, onu inkişaf etdirmək, yeni informasiya yaratmaq və mütləq gələcək nəsilə ötürmək olmalıdır. Kimliyi qorumağın ən güclü yolu keçmişi müdafiə etməklə yanaşı, həmin kimlik daxilində gələcək yaratmaqdır. Ana dili problemi qarşısında insanın davranış modeli nə assimilyasiya, nə də qarşıdurma olmalıdır, öz kimliyini şüurlu şəkildə tanımaq, ana dilindən funksional istifadə etmək, onu yeni informasiya və mədəniyyət yaratmaq vasitəsinə çevirmək və bu kimliyi gələcək nəsilə ötürmək əsas davranış strategiyasıdır.
Burada fərdi, ailə, icma, təhsil, informasiya mühiti, dövlətlə münasibətlər sistemi səviyyələrində konkret davranış mexanizmlərini tətbiq etmək lazımdır. Fəaliyyəti sadəcə “ana dilini qorumaq lazımdır” çağırışı kimi deyil, konkret sosial davranış modeli kimi qurmaq daha doğrudur. Əgər dövlətin dil siyasəti insanın milli kimliyini zəiflədirsə, insanın və cəmiyyətin buna necə cavab verəcəyi fərdlərin, sosial qrupların davranışında müəyyənləşəcək.
Ana dilinin məhdudlaşdırılması probleminə qarşı bir davranış sərgilənməlidir. Ana dili məsələsində ən mürəkkəb sual yalnız “ana dilinə hansı hüquqlar verilməlidir?” sualı deyil. Daha mühüm suallardan biri də budur ki, belə bir şəraitdə həmin dilin daşıyıcısı necə davranmalıdır? Çünki hər hansı dilin və kimliyin qorunması yalnız dövlət siyasətindən asılı deyil. Dövlətin münasibəti əlverişsiz olduqda belə, həmin dilin daşıyıcılarının fərdi və kollektiv davranışı onun gələcəyinə ciddi təsir göstərir.
Belə vəziyyətdə davranış seçimi nə qarşıdurma, nə də assimilyasiya üzərində qurmaq yanlışdır. Bir tərəfdən insanın öz ana dilindən və kimliyindən imtina etməsi mürəkkəb prosesdir, nəticədə assimilyasiyanı sürətləndirir. Digər tərəfdən, dil və kimlik məsələsini başqa xalqlara qarşı düşmənçilik və sosial qarşıdurma formasına çevirmək də problemin həllinə xidmət etmir. Daha dayanıqlı model şüurlu identiklik, mədəni davamlılıq, funksional dil istifadəsi və yeni nəsil üçün dil mühitinin yaradılması prinsiplərinə əsaslanmalıdır. Bu davranışı fərd, ailə, icma, təhsil, informasiya mühiti və dövlətlə qarşılıqlı münasibət səviyyəsində qurmaq lazımdır.
Fərdi səviyyədə insan əvvəlcə öz kimliyini dərk etməlidir. İlk mərhələ insanın özünü başqalarının verdiyi adla deyil, öz tarixi, dili və mədəni yaddaşı ilə müəyyən etməsidir. Əgər insan öz ana dilinə yalnız məişət ünsiyyəti vasitəsi kimi baxırsa, dilin sosial əhəmiyyətini tədricən itirməsi qaçılmazdır. Buna görə də ilk davranış prinsipi belə ifadə oluna bilər, İnsan öz ana dilini bilməli, ondan çəkinməməli və onu yalnız keçmişin yadigarı kimi deyil, özünü çox rahat hiss etdiyi informasiya məkanı, müasir həyatın kommunikasiya vasitəsi kimi qəbul etməlidir.
Başqa dilləri öyrənmək ana dilinə zidd deyil. Əksinə, çoxdillilik müasir insan üçün mühüm üstünlükdür və başqa dili öyrənmək ana dilindən imtina etməklə nəticələnməməlidir. Fars dilini bilmək farslaşmaq, ingilis dilini bilmək ingilisləşmək olmadığı kimi, ana dilində danışmaq da başqa xalqlara qarşı münasibət forması deyil. İnsan nə qədər çox dil bilirsə, onun informasiya imkanları genişlənir. Lakin ana dilini itirdikdə həmin insan yalnız bir kommunikasiya vasitəsini deyil, özünün müəyyən tarixi və mədəni informasiya səviyyəsinə çıxış imkanını da itirir. İnsan morginallaşır, psixolojı tarazlıgı da pozula bilir. Bu kimi insanlar bir çox hallarda passiv və pasifist həyat sürürlər. Pasionar həyatı olan bu kimi marginallar sosial təhlükəli şəxslərə çevrilir.
Ailə səviyyəsində dilin qorunması vacibdir və dilin ilk institutu ailədir. Ana dilinin gələcəyini müəyyən edən ən mühüm sosial mühitlərdən biri ailədir. Dövlət məktəbi, televiziya, internet və digər informasiya vasitələri dilə ciddi təsir göstərsə də, uşağın ilk dil mühiti ailədə formalaşır. Buna görə ailənin əsas vəzifəsi uşağa yalnız sözləri öyrətmək deyil, ana dilində yaşamaq mühiti yaratmaqdır. Uşağın valideynləri ilə ana dilində danışması, ailə tarixinin, folklorun, nağılların, mahnıların, atalar sözlərinin və ailə xatirələrinin həmin dildə ötürülməsi dilin emosional və mədəni dayağını möhkəmləndirir. Burada da yalnız keçmişi təkrarlamaq kifayət etmir. Uşaq ana dilini yalnız nənə-babanın dili kimi qəbul edərsə, həmin dili gələcək həyatının dili hesab etməyə bilər. Ona görə də ailədə ana dilində müasir kitabların oxunması, internetdən istifadə, film izlənilməsi, müasir mövzuların müzakirəsi və uşağın həmin dildə fikir ifadə etməyə təşviq edilməsi mühüm əhəmiyyət daşıyır. Ailə üzvlərinin birlikdə milli musiqi dinləməsi, onu müzakirə etməsi yalnız söz ehtiyatını zənginləşdirmir, ana dilində həssas və emosional hislərin ifadə etmək vərdişləri formalaşdırır. Beləliklə, ailə ana dilinin ilk qoruyucusu olmaqla yanaşı, ilk informasiya mühiti kimi çıxış edir.
Ana dili İcma səviyyəsində də qorunmalıdır. fərdi dil istifadəsini sosial mühitə çevirmək vacibdir. Fərdin öz ana dilində danışması mühümdür, lakin bu təkbaşına kifayət etmir. Dilin yaşaması üçün onu istifadə edən insanların sosial mühit yaratması lazımdır. Bu baxımdan icma səviyyəsində “ana dili yalnız fərdi seçim deyil, qarşılıqlı kommunikasiya mühiti olmalıdır”. İnsanlar öz aralarında həmin dildə danışmalı, mədəni tədbirlər keçirməli, müzakirələr təşkil etməli, yerli tarix və folkloru araşdırmalı, musiqi və ədəbiyyat nümunələrini yaşatmalı və yeni mədəni məhsullar yaratmalıdırlar.
Burada xüsusilə mühüm məsələ dilin yalnız emosional və simvolik funksiyaya sıxışdırılmasına yol verməməkdir. Dil yalnız bayramlarda, folklor tədbirlərində və milli mərasimlərdə istifadə edilirsə, o, canlı sosial dil olmaqdan çıxarır və simvolik kimlik atributuna çevrilir. Şəhərdə taksi xidmətləri zamanı beş yüz tümən əvəzinə punsət tümən, alış-veriş zamanı bir, iki, üç əvəzinə yek, do, se hesabı aparılırsa deməli bil yalnız atribut səviyyəsinə çevrilib. Ona görə də dilin iqtisadi, elmi, peşəkar və texnoloji fəaliyyətə daxil edilməsi daha mühüm nəticə verir.
Təhsil səviyyəsi İran İslam Respublikasında xüsusilə problemlidir. Təhsil dili bilməkdən əlavə onu düşüncə vasitəsinə çevirir. Ana dilinin davamlılığı üçün ən həssas sahələrdən biri təhsildir. Çünki təhsil insanın mürəkkəb anlayışları hansı dildə formalaşdırdığını müəyyən edir. Əgər uşaq ana dilində yalnız gündəlik söhbət edə bilirsə, lakin elm, texnologiya, fəlsəfə, iqtisadiyyat və peşə fəaliyyəti haqqında düşünmək üçün mütləq başqa dilə keçməlidir ki, o zaman həmin dilin sosial funksiyası məhdudlaşır. Bu səbəbdən ana dilinin inkişafı üçün yalnız dərsliklərin tərcüməsi kifayət deyil. Ana dilində elmi, tədris, ensiklopedik, rəqəmsal və peşəkar informasiya resursları yaradılmalıdır. Bu prosesdə İranın qüsurlu olan ərəb əlifbası təmamilə perespektivsizdir.
Təhsilin tətbiq olunmasında məsələ dilin “qorunması” problemindən daha böyükdür. Məqsəd dili bilik yaratmaq və bilik ötürmək qabiliyyətinə malik sosial dil kimi inkişaf etdirməkdir. Bu yanaşma xüsusilə informasiya cəmiyyətində əhəmiyyətlidir. Çünki müasir dünyada dilin gücü yalnız onun neçə milyon insan tərəfindən danışılması ilə deyil, həmin dildə nə qədər bilik, informasiya və mədəni məhsul yaradılması ilə də müəyyən olunur.
Müasir dövrdə İnformasiya mühiti ana dilini rəqəmsal məkana keçirir. Bu gün dil məsələsini internet və rəqəmsal informasiya mühitindən kənarda təsəvvür etmək mümkün deyil. Əgər bir dilin daşıyıcıları həmin dildə kitab oxuyur, lakin internetdə başqa dildə informasiya axtarırsa, sosial şəbəkələrdə başqa dildə yazırsa, rəqəmsal xidmətlərdən başqa dildə istifadə edirsə və süni intellekt sistemləri ilə başqa dildə ünsiyyət qururlarsa, həmin dilin gələcək inkişafı məhdudlaşır. Deməli, ana dilinin qorunması üçün yeni mərhələdə rəqəmsal dil mühitinin yaradılması vacibdir. Bu mühitə elektron kitabxanalar, rəqəmsal arxivlər, ensiklopediyalar, elektron lüğətlər, terminoloji bazalar, açıq tədris resursları, audiovizual materiallar, podkastlar, video kanallar, sosial media məzmunu və süni intellekt üçün dil resursları daxildir. Ana dilini gələcəyə aparmağın yolu yalnız köhnə mətnləri qorumaq deyil, həmin dildə yeni informasiya yaratmaqdır.
Dövlətlə münasibətlərin təşkili sistemində tələb, hüquq və rasional dialoq vacibdir. Eləcə də dövlətlə münasibətdə iki ifrat yanaşmadan uzaq durmaq lazımdır. Birincisi, bütün məsuliyyəti dövlətin üzərinə qoyaraq cəmiyyətin öz rolunu unutmasıdır. İkincisi isə dil problemini dövlətə qarşı daimi qarşıdurma formasına çevirməkdir.Qarşıdurma problemi nəinki həll etmir, əksinə onu “çıxmaz dalana” salır. Daha rasional yanaşma dil hüquqlarının konkret və əsaslandırılmış şəkildə tələb edilməsidir.
Ana dilində təhsil, informasiya əldə etmək, mədəni fəaliyyət göstərmək, kitab nəşr etmək, media yaratmaq, mədəni irsi qorumaq və ictimai həyatda ana dilindən geniş istifadə etmək kimi məsələlər emosional şüarlardan daha çox konkret hüquqi və sosial məsələlər kimi qarşıya qoyulmalıdır . Burada insanın davranışı belə bir məntiqə əsaslana bilər: kimliyini gizlətmə, dilindən imtina etmə, başqa dili öyrənməkdən imtina etmə, başqasının dilinə düşmənçilik etmə, öz dilində yeni informasiya yarat, dil hüquqlarını sivil və əsaslandırılmış şəkildə tələb et. Bu davranışın əsas xüsusiyyəti onun müdafiə xarakteri daşımasıdır. Məqsəd başqa bir xalqın dilini zəiflətmək deyil, öz dilinin normal sosial mövcudluğunu təmin etməkdir.
Ana dili problemi qarşısında insanın davranışını bir neçə ardıcıl mərhələdə ümumiləşdirmək mümkündür. Fərdin özünü ana dilində dərk etməsi, ana dilinin Ailə dili olması, İcma tərəfindən ana dilinin sosiallaşdırılması, Təhsil dili olaraq bilik dilinə çevrilməsi, ana dilində İnformasiya mühitinin yaradılması, rəqəmsallaşdırılmış resursların hazırlanması və Dövlətlə geniş əhatəli münasibət sistemində ana dili hüquqlarının müdafiə edilməsi. Bu ardıcıllıq göstərir ki, ana dilinin taleyi yalnız dövlətin qərarlarından asılı deyil. Dövlət mühüm amildir, lakin dilin sosial həyatda qalmasını təmin edən əsas qüvvələrdən biri onun daşıyıcılarının öz davranışıdır. Ən başlıcası isə ana dilini qorumaq keçmişə qayıtmaq demək deyil. Əksinə, onu gələcəyin dili etmək lazımdır. Əgər bir xalq öz dilində yalnız keçmişindən danışırsa, həmin dil tədricən xatirə dilinə çevrilə bilər. Əgər həmin xalq öz dilində elm yaradır, texnologiya haqqında danışır, müasir ədəbiyyat yazır, rəqəmsal informasiya yaradır, uşaqlarını öyrədir və yeni anlayışlar formalaşdırırsa, dil artıq yalnız milli yaddaşın deyil, gələcəyin də daşıyıcısıdır.
Bu səbəbdən ana dili probleminə ən dayanıqlı cavab belə ifadə olunmalıdır- Öz dilində yaşa, başqa dilləri öyrən, öz dilində yeni düşüncə və informasiya yarat, onu ailəyə və cəmiyyətə ötür və heç bir dili öz dilinin yaşaması üçün düşmən hesab etmə. Bu, assimilyasiya siyasətindən imtinanı qarşıdurmaya deyil, mədəni özünütəşkilə çevirən bir davranış modelidir. Ana dili sadəcə milli identiklik atributu deyil, informasiya yaratma, bilik ötürmə və kollektiv yaddaşı gələcəyə daşıma sistemidir.