Azərbaycandan Gürcüstana açıq mesaj - DƏSTƏKLƏYİRİK
Azərbaycan Gürcüstanın ərazi bütövlüyü və suverenliyi məsələsində mövqeyini növbəti dəfə açıq şəkildə ortaya qoyub. Sentyabrın 22-də Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni və onların nəticələrini tanımadığını açıqlayıb. Nazirlik eyni zamanda Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib.
Bu mövqe yalnız iki ölkə arasındakı münasibətlər kontekstində deyil, Cənubi Qafqazda dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinin qorunması baxımından da diqqət çəkir. Azərbaycan və Gürcüstan arasında siyasi dialoqla yanaşı, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat bağlantıları üzrə də müxtəlif əməkdaşlıq mexanizmləri mövcuddur. 2026-cı ilin iyununda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli görüşünün İstanbul Bəyannaməsində də tərəflər bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəklərini təsdiqləyiblər. Sənəddə Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpasının vacibliyi də xüsusi vurğulanıb. Belə olan halda Azərbaycanın son açıqlaması Cənubi Qafqazda sabitlik və beynəlxalq hüquq prinsipləri baxımından hansı əhəmiyyət daşıyır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Şahin Seyidzadə Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycan özü uzun illər ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmiş ölkə kimi Gürcüstanın bu məsələdəki mövqeyini çox yaxşı anlayır və dəstəkləyir:
"Xarici İşlər Nazirliyinin qondarma “seçkilərin” nəticələrini tanımaması yalnız həmin seçkilərə münasibət deyil, eyni zamanda Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə Azərbaycanın açıq dəstəyinin növbəti ifadəsidir”.
Deputat qeyd edib ki, Azərbaycanın mövqeyi dövlətlərin ərazi bütövlüyü və suverenliyi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun şəkildə qorunmasından və seçkilərin legitimliyinin də məhz bu hüquqi çərçivədə nəzərə alınmaqla qiymətləndirilməsindən ibarətdir. Bu mövqe Cənubi Qafqazda sülhün, sabitliyin və qarşılıqlı hörmətin təmin olunmasına xidmət edir.”
Zeynəb Həsən
16:30 23.09.2026
Oxunuş sayı: 43