Arıqlamaq istəyərkən bu orqanı məhv edirsiniz
Artıq çəki və piylənmə problemi son illərdə sağlamlıqla bağlı ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Çəkinin artmasına qidalanma və fiziki aktivliklə yanaşı, müxtəlif tibbi və həyat tərzi amilləri də təsir göstərə bilər. Bu səbəbdən artıq çəkidən xilas olmaq üçün seçilən üsul hər bir insan üçün eyni nəticəni verməyə bilər. Xüsusilə sosial şəbəkələrdə və internet platformalarında sürətli arıqlama vədi ilə təqdim olunan məhsullar insanlarda yanlış gözləntilər yarada bilir. Qida əlavələri ilə dərman preparatlarının da eyni məqsədlə istifadə olunması onların eyni təsirə malik olduğu anlamına gəlmir. Bəzi arıqlama vasitələrinin tərkibi və təsir mexanizmi barədə istehlakçının kifayət qədər məlumatı olmaya bilər. Həkim məsləhəti olmadan müxtəlif preparatların birlikdə qəbul edilməsi isə əlavə risklər yarada bilər. Arıqlama prosesində əsas məsələ yalnız tərəzidə rəqəmin azalması deyil, orqanizmin ümumi sağlamlığının qorunmasıdır. Buna görə də artıq çəkinin səbəbinin müəyyənləşdirilməsi və uyğun yanaşmanın seçilməsi mühüm əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı terapevt Şahvələd Məmmədov Crossmedia.az-a açıqlamasında bildirib ki, hər hansı bir dərman preparatından və ya qida əlavəsindən istifadə edərək arıqlamaq hələ tam arıqlamaq demək deyildir:
"Artıq çəki problemi müxtəlif səbəblərdən — alimentar faktorlardan, hormonal pozuntulardan, stresdən və ya maddələr mübadiləsinin digər pozğunluqlarından qaynaqlana bilər. Bu səbəbdən insanların hər hansı bir qida əlavəsini və ya reklam olunan vasitələri qəbul edərək nəzarətsiz şəkildə arıqlamağa çalışması müəyyən risklər yarada bilər. Bu cür nəzarətsiz istifadə orqanizmin maddələr mübadiləsində pozuntulara, hormonal balansın pozulmasına, sidik-cinsiyyət sistemi problemlərinə, hətta uzunmüddətli dövrdə böyrək və qaraciyər çatışmazlığına gətirib çıxara bilər. Ona görə də bu növ preparatların yalnız həkim nəzarəti və göstərişi altında istifadə olunması məsləhət görülür”.
Zeynəb Həsən
17:30 17.09.2026
Oxunuş sayı: 49