Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrindən bu gün 39 uşaq birinci sinfə gedir.
Bu barədə Crossmedia.az-a nazirlikdən məlumat verilib.
"Onlar geyindikləri məktəbli formasının, ilk müəllimlərinin və yeni dostları ilə tanışlığın həyəcanını yaşayırlar. Bu gün balacalar üçün təkcə dərs ilinin ilk günü deyil, yeni arzuların və ümidlərin başlanğıcıdır.
Uşaqların təhsilə cəlb olunması, onların sosial həyata inteqrasiyası və hərtərəfli inkişafı üçün əlverişli şəraitin yaradılması sosial xidmətlərin əsas istiqamətlərindəndir. Sosial Xidmətlər Agentliyi müəssisələrdə yaşayan uşaqların təhsil hüquqlarının təmin olunması, onların məktəbə hazırlığı və təhsil prosesinə uyğunlaşması istiqamətində mütəmadi tədbirlər həyata keçirir.
Hazırda Agentliyin uşaq evi sosial xidmət müəssisələrində valideyn himayəsindən məhrum olan 476 uşaq yaşayır", - məlumatda qeyd olunub.
10:12 15.09.2026
Oxunuş sayı: 50