Rusiya hücumları artır, Ukraynanın raket ehtiyatı azalır
Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları azalır və son hücumlar zamanı bəzi buraxılış qurğuları boş vəziyyətdə qalıb.
Crossmedia.az “Financial Times”a istinadən xəbər verir.
Ukraynalı rəsmilər nəşrə bildiriblər ki, ABŞ-dən yaxın vaxtlarda alınan azsaylı raketlərin ehtiyatı artıq tükənib.
Məlumata görə, avqustun 5-də Kiyevə edilən hücum zamanı Ukrayna 24 ballistik raketin heç birini zərərsizləşdirə bilməyib. Üç gün sonra isə daha 6 ballistik raket paytaxtdakı hədəflərə çatıb.
Kiyev qarşıdan gələn qış dövründə Rusiyanın enerji infrastrukturuna mümkün hücumlarının qarşısını almaq üçün ən azı 300 ədəd PAC-3 raketinə ehtiyac olduğunu hesablayır.
Nəşr qeyd edir ki, bu çatışmazlıq Rusiyanın ballistik raketlərdən istifadəsini artırdığı bir vaxtda yaranıb. Bildirilir ki, iyul ayında Rusiya rekord sayda – 198 ballistik və hipersəs raketi buraxıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrindən, xüsusilə İspaniya və Yunanıstandan ehtiyatlarındakı raketləri bölüşməyi istəyib. Lakin müttəfiq ölkələr öz ehtiyatlarının azalacağından narahatdır.
“Financial Times” həmçinin bildirib ki, iyulun sonunda Zelenski ilə görüş zamanı ABŞ Prezidenti Donald Tramp yaxın aylar üçün əlavə “Patriot” raketlərinin verilməsini razılaşdırmayıb. Bununla belə, Kiyevə rəsmi şəkildə yekun imtina cavabı verilməyib.
21:34 15.08.2026
Oxunuş sayı: 49