İsraildə “Qətərgeyt” qalmaqalı böyüyür: Netanyahuya və onun müşavirlərinə sərt ittihamlar
İsraildə müxalif siyasətçilər və hökuməti hakimiyyətdən uzaqlaşdırmağı hədəfləyən partiya liderləri Baş nazir Benyamin Netanyahu və onun yaxın çevrəsinə qarşı sərt ittihamlarla çıxış ediblər.
Crossmedia.az xəbər verir ki, mübahisələrə “Israel Hayom” qəzetinin yaydığı məlumat səbəb olub. Nəşrin məlumatına görə, Netanyahunun üç müşaviri Qətərə Misirlə bağlı kompromat xarakterli məlumatlar ötürüb və bunun müqabilində Dohadan pul alıb.
Qəzetin yazdığına görə, sızdırılan məlumatlar Misirin İsraillə imzaladığı sülh sazişini poza biləcəyi ilə bağlı məxfi informasiyaları əhatə edib. Söhbət Misirin Sinay yarımadasına əlavə hərbi qüvvələr yerləşdirməsi ilə bağlı məlumatlardan gedir.
İsrailin müdafiə strukturlarında bu məlumatların Qətərə ötürülməsinin Misirlə əldə olunmuş sülh razılaşmasını təhlükə altına ata və Qahirənin HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi prosesinə dəstək vermək istəyini zəiflədə biləcəyindən narahatlıq ifadə edilib.
İddialara görə, Qətər əldə etdiyi məlumatlardan İsrail cəmiyyətində Misirə qarşı mənfi münasibətin formalaşdırılması və girovlarla bağlı danışıqlarda öz rolunun gücləndirilməsi məqsədilə istifadə edib.
İsraildə “Demokratlar” partiyasının sədri Yair Qolan hadisəni “dövlətə xəyanət” adlandırıb.
“Netanyahunun Qətərdən pul alan müşavirləri Qətərin maraqları naminə Misirlə strateji münasibətlərimizi təhlükə altına atıblar”, – deyə o bildirib.
Qolan qeyd edib ki, İsrail və Misir arasında sülh sazişinin əldə olunması beş müharibə və minlərlə israilli hərbçinin ölümü ilə nəticələnən proseslərdən sonra mümkün olub. Onun sözlərinə görə, buna baxmayaraq, Netanyahunun ofisində maliyyə maraqları naminə bu strateji münasibətlərin riskə atılmasına yol verilib.
“Yəşar” partiyasının sədri Qadi Ayzenkot da Netanyahuya qarşı tənqidi mövqe sərgiləyərək hadisənin araşdırılması üçün dövlət istintaq komissiyasının yaradılmasını tələb edib.
Ayzenkot bildirib ki, “istənilən ağlabatan baş nazir” belə bir iddiadan sonra araşdırma aparılmasına göstəriş verərdi. Onun sözlərinə görə, məqsəd baş nazirin əməkdaşlarının İsrailin maraqlarına, yoxsa başqa dövlətin mənafelərinə xidmət etdiyini müəyyənləşdirmək olmalıdır.
Müxalifət lideri Yair Lapid isə bildirib ki, onun daha əvvəl Qətərin düşmən dövlət elan olunmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsinə Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası mane olub.
Lapidin “Birlikdə” partiyasındakı tərəfdaşı Naftali Bennet də yaranmış vəziyyətdən Qətəri tənqid etmək üçün istifadə edib. O, Dohani “zəhərli düşmən” adlandırıb və seçiləcəyi təqdirdə Qətərin Qəzza sektoruna təsirini minimuma endirəcəyini vəd edib.
Netanyahunun müşavirləri Yonatan Urikh, İsrail Eynhorn və Eli Feldşteyn “Qətərgeyt” kimi tanınan istintaq işinin əsas şübhəliləri hesab olunurlar.
İstintaq Netanyahunun ətrafında çalışan şəxslərin xarici agentlə əlaqələr saxlaması və Qətərin maraqlarının lobbiçilər və iş adamları vasitəsilə İsrail hökumətində təşviq edilməsi ilə bağlı korrupsiya xarakterli əməllər törətməsi şübhələri üzərində qurulub.
Hadisə ilə bağlı iddialar İsraildə siyasi qarşıdurmanı daha da kəskinləşdirib və hökumətin Qətərlə münasibətləri, eləcə də girovların azad edilməsi üzrə danışıqlarda Dohaya verilən rol barədə yeni suallar yaradıb.
15:30 09.08.2026
Oxunuş sayı: 47