Son 140 ilin ən yüksək temperaturu qeydə alındı
Honkonqda temperatur 36,9 dərəcəyə yüksələrək son 140 ildən çox müddət ərzində şəhərin əsas meteoroloji müşahidə məntəqəsində qeydə alınan ən yüksək göstəriciyə çatıb.
Crossmedia.az xəbər verir ki, Honkonq Rəsədxanası bu barədə xəbər yayıb.
Məlumata görə, bazar günü şəhərin əsas meteoroloji müşahidə məntəqəsində 36,9 dərəcə temperatur qeydə alınıb. Bu, 1884-cü ildən bəri həmin stansiyada qeydə alınan ən yüksək temperaturdur.
Honkonqda əvvəlki rekord 22 avqust 2017-ci ildə, "Hato" tayfununun şəhərə yaxınlaşmasından əvvəl qeydə alınıb. Həmin gün temperatur 36,6 dərəcəyə yüksəlib.
Şəhərin bəzi ərazilərində isə temperatur daha yüksək olub. Şimaldakı Şeunq Şui bölgəsində 39,8 dərəcə isti qeydə alınıb. Bu, 1980-ci illərdə avtomatik meteoroloji stansiyaların fəaliyyətə başlamasından bəri Honkonqda qeydə alınan ən yüksək temperatur hesab olunur.
Meteoroloqlar anomal istiliyin "Delfin" tropik siklonu ilə əlaqəli olduğunu bildiriblər. Siklon Çinin şərq sahillərinə doğru irəlilədikcə onun yaratdığı hava axınlarının Honkonq və ətraf ərazilərə isti hava gətirdiyi qeyd olunur.
Honkonq Rəsədxanası şəhərdə "Çox isti hava" xəbərdarlığı elan edib. Sakinlərə kifayət qədər su içmək, günəş altında uzun müddət qalmamaq və açıq havada ağır fiziki fəaliyyətlə məşğul olmaqdan çəkinmək tövsiyə olunub.
"Delfin" siklonunun Çinin sıx məskunlaşmış şərq sahillərinə yaxınlaşması bölgədə bir sıra tədbirlərin görülməsinə səbəb olub. Siklonla əlaqədar 1000-dən çox uçuş ləğv edilib, bəzi ərazilərdə əhali təxliyə olunub və yüksək səviyyəli hava xəbərdarlıqları verilib.
Siklonun Çjetszyan və ya qonşu Fucyen əyalətinə çatacağı gözlənilir. (Qafqazinfo)
15:01 09.08.2026
Oxunuş sayı: 48