Gözəllik salonunda qiymət fərqi mübahisə yaradıb
Moskva vilayətinin Podolsk şəhərində yaşayan şəxs kişi manikürünə görə əlavə 500 rubl ödəniş tələb edilməsini ayrı-seçkilik kimi qiymətləndirərək gözəllik salonundan şikayət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.
Müştərinin sözlərinə görə, əlavə ödəniş barədə nə qiymət siyahısında, nə də ictimai oferta sənədində məlumat verilib. Salonun sahibi qiymət fərqini kişi manikürünün xüsusiyyətləri ilə izah etsə də, müştəri prosedurun adi manikürdən ciddi şəkildə fərqlənmədiyini bildirib.
O, həmçinin salon sahibinin kobud davranışından şikayətlənib. İddiasına görə, qadın onunla şəxsən görüşməyi təklif edib.
Hadisə barədə məlumat yayıldıqdan sonra salon çoxsaylı mənfi rəylərlə üzləşib. Salon sahibi isə əməkdaşlara təhdidlər gəldiyini iddia edib. O, polisə müraciət edib və işgüzar nüfuzunun müdafiəsi ilə bağlı məhkəməyə iddia hazırlayır.
Müştəri də müvafiq qurumlara şikayət ərizələri yazıb. O, manikürün qiymətinin müştərinin cinsindən asılı olmamalı olduğunu sübut etməyə çalışacağını bildirib.
22:15 22.11.2026
Oxunuş sayı: 40