Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib - YENİLƏNİB
Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar.
Tərəflər sülh prosesinin irəlilədilməsində Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı mühüm rolu xüsusi vurğulayıblar.
Tərəflər ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd ediblər.
Söhbət zamanı iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişafının sülhün faydalarının konkret təzahürü olduğu vurğulanıb. Bu kontekstdə tərəflər Azərbaycanın neft məhsullarının Ermənistana ixracını, habelə tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan digər istiqamətlərə daşınmasını qeyd ediblər.
Bundan əlavə, tərəflər Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq TRIPP marşrutunun icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər sülh prosesinin irəlilədilməsi və regionda davamlı sülhün, sabitliyin, o cümlədən bağlantıların və iqtisadi əməkdaşlığın təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
12:28
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Crossmedia.az xəbər verir ki, "Sputnik Armenia" bu barədə məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər TRIPP marşrutu layihəsinin həyata keçirilməsini müzakirə ediblər.
Liderlər, həmçinin sülh prosesinin irəlilədilməsi, davamlı sülh və sabitliyin təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Ermənistan tərəfi isə telefon danışığı ilə bağlı hələlik rəsmi məlumat yaymayıb.
12:33 08.08.2026
Oxunuş sayı: 82