İran generalından ABŞ-a xəbərdarlıq
ABŞ Hörmüz boğazında İran tərəfindən müəyyən edilən yeni reallıqları qəbul etməli olacaq.
Crossmedia.az xəbər verir ki, Press TV bu barədə məlumat yayıb.
İran ordusunun briqada generalı Məhəmməd Əkrəminya şənbə günü Tehranda keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, İran Silahlı Qüvvələri Hörmüz boğazında yeni qaydalar tam şəkildə təsdiqlənənədək qətiyyətli mövqeyini qoruyacaq.
ABŞ-ın regiondakı fəaliyyətinə toxunan general bildirib ki, Hörmüz boğazında yaranmış yeni reallıqlar nəzərə alınmasa, qarşı tərəf əvvəlkindən daha böyük itkilərlə üzləşə bilər.
Onun sözlərinə görə, İran Silahlı Qüvvələri belə addımlara qarşı mübarizə aparmaq üçün lazımi motivasiya və qətiyyətə malikdir.
Əkrəminya İran hərbçilərinin ölkəni və dövlət quruluşunu qorumaq naminə həyatlarını qurban verməyə hazır olduqlarını da bildirib.
General qeyd edib ki, qarşı tərəfin çoxsəviyyəli müdafiə sisteminə baxmayaraq, İran hərbçiləri yüksək döyüş ruhunu qoruyub saxlayıblar. O bildirib ki, hərbçilər raket və pilotsuz uçuş aparatları komplekslərinin yanında qalaraq effektiv əməliyyatlar həyata keçiriblər.
Əkrəminya İran əhalisinin gecə saatlarında keçirilən kütləvi tədbirlərdə iştirakına da diqqət çəkib.
Onun sözlərinə görə, əhalinin fəallığı hərbçilərin mənəvi ruhunu gücləndirməklə yanaşı, ölkənin müdafiəsi ilə bağlı məsuliyyət hissini də əhəmiyyətli dərəcədə artırıb.
15:07 09.08.2026
Oxunuş sayı: 50