İran ABŞ-la danışıqların bərpası üçün şərtini açıqladı
İran ABŞ-nin Tehranla bağlı memorandumun müddəalarını pozmağa son qoymayacağı və bu pozuntular nəticəsində dəymiş zərəri kompensasiya etməyəcəyi təqdirdə Vaşinqtonla danışıqları bərpa etməyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda jurnalistlərə açıqlamasında bildirib.
Əraqçinin sözlərinə görə, danışıqların yenidən başlaması üçün vasitəçilər müxtəlif imkanları araşdırmaqda davam edirlər. Lakin Tehran ABŞ-nin memorandumu pozmasına son qoyulmayana və bunun nəticələri aradan qaldırılmayana qədər danışıqlar masasına qayıtmağın mümkün olduğunu düşünmür.
Nazir İranın Omanla apardığı danışıqlara da toxunub. O bildirib ki, müzakirələr Hörmüz boğazında yeni dəniz marşrutunun müəyyənləşdirilməsi ilə bağlıdır.
Əraqçinin sözlərinə görə, tərəflər danışıqların yekun mərhələsindədir və hazırlanmaqda olan yeni marşrutların mövcud marşrutları əvəzləməsi nəzərdə tutulur. Hazırda mütəxəssislər yeni marşrutların hazırlanması üzərində işləyirlər.
İran XİN rəhbəri xüsusi olaraq vurğulayıb ki, Omanla yeni dəniz marşrutu barədə razılaşmanın əldə olunması Hörmüz boğazının açılması demək deyil.
“Bu, əlbəttə ki, Hörmüz boğazının açılması demək deyil. Razılaşma əldə oluna bilər, lakin boğazın açılması bir sıra şərtlərdən asılıdır”, – deyə Əraqçi bildirib.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehranın hazırda Vaşinqtonla danışıqlar aparmadığını açıqlamışdı. Onun sözlərinə görə, hazırda davam edən yeganə danışıqlar Omanla aparılır və əsas müzakirə mövzusu Hörmüz boğazından təhlükəsiz gəmiçiliyin təmin edilməsidir.
Bəqai tərəflərin gəmilərin təhlükəsiz keçidi ilə bağlı müvəqqəti razılaşma üzərində çalışdığını bildirib. O, məsələnin İran və Omanı birbaşa maraqlandırdığını və hər iki ölkənin sahilyanı dövlət kimi təhlükəsiz gəmiçiliyin təmin edilməsində maraqlı olduğunu qeyd edib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi, general Hüseyn Möhebbinin sözlərinə görə isə strateji su yolunun açılması İran və Oman arasındakı danışıqlardan “tamamilə asılı deyil”.
O bildirib ki, Hörmüz boğazının açılıb-açılmayacağı ABŞ-ın Tehranın irəli sürdüyü şərtləri qəbul edib-etməməsindən asılı olacaq.
15:52 09.08.2026
Oxunuş sayı: 49