Zaxarova: Atom bombasını kimin atdığını deməyə cəsarəti çatmadı
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Yaponiyanın baş naziri Sanae Takaiçinin ABŞ-nin 1945-ci ildə atom bombası hücumundakı rolunu qeyd etməməsini tənqid edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Zaxarova bildirib ki, Yaponiya hökumətinin rəhbəri Naqasaki bombardmanının 81-ci ildönümü ilə bağlı mərasimdə bombanı şəhərə atan ölkənin adını çəkməyib.
“Yəni indiki Yaponiya rəhbərliyinin fikrincə, Xirosima və Naqasaki üzərinə atom UFO-ları düşüb?”, – deyə Zaxarova Telegram kanalında yazıb.
O qeyd edib ki, Naqasakinin meri Syuzi hadisə ilə bağlı ABŞ hərbi təyyarəsinin adını çəkməyə cəsarət edib.
Məlumata görə, Xirosimanın bombardmanının ildönümü ilə bağlı keçirilən mərasimdə də şəhər meri Kazumi Matsui və baş nazir Takaiçi ABŞ-ni nüvə hücumunu həyata keçirən ölkə kimi birbaşa qeyd etməyiblər. BMT Baş katibi Antonio Quterreş də yayımladığı müraciətdə ABŞ-nin adını çəkməyib.
Qeyd edək ki, 1945-ci ilin avqustunda ABŞ Xirosima və Naqasaki şəhərlərinə atom bombaları atıb. Bu hadisələr İkinci Dünya müharibəsinin son mərhələsində baş verib.
12:38 09.08.2026
Oxunuş sayı: 64