Transmilli problemlərin birgə həll yolları - Türk dövlətlərinin ortaq çalışması
“Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında münasibətlər getdikcə genişlənir. Demək olar ki, təşkilat üzvləri arasında siyasi, iqtisadi, hərbi, elm, kənd təsərrüfatı və digər sahələrdə olduğu kimi hüquq-ədliyyə və məhkəmə sahəsində də əlaqələr artır. Eyni zamanda, Təşkilat özü də təkmilləşir və dövlət idarəçiliyi ilə bağlı daxili, mərkəzləşdirilmiş qurumlar yaradılır”.
Bu sözləri politoloq Yalçın Hacızadə Crossmedia.az-a açıqlamasında deyib.
Politoloqun sözlərinə görə: “Türk Ədliyyə Təlim Şəbəkəsi də (TƏTŞ) 2022-ci ildə təsis edilərək üzv kimi özündə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanı, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin dövlətlərinin ədliyyə və prokurorluq təlim-tədris mərkəzlərini və akademiyalarını və müvafiq qurumlarını birləşdirir.
Bakıda keçirilən tədbirin məqsədi hazırkı dövrdə transmilli cinayətkarlıq, insan hüquq və azadlıqlarının təmin edilməsi, ekoloji problemlər, beynəlxalq miqyasda ticarət mübahisələri, kiber cinayətkarlıqla, insan alveri və miqrasiya ilə bağlı məsələlər üzrə birgə transmilli aspektlər formalaşdırmaqdı. Buna görə üzv ölkələr birgə hüquqi baza formalşdırmalı, belə cinayətkarlıqla birgə mübarizə sahəsində konsepsiyalar hazırlamalı, müvafiq qurumların əməkdaşlığını təşkil edilməli, mübadilə vasitələri qurulmalı, hüquq sahəsində fərqli yanaşmaları, hüququn tədbiqi sahəsində müəyyən fərqlilikləri aradan qaldırmaq üçün vahid hüquq tədris mərkəzləri yaradılmalıdır”.
Yalçın Hacızadə qeyd edib ki: “Belə tədbirlər üzv ölkələrin üzləşdiyi transmilli hüquqi problemlərin aradan qaldırılmasında, cinayətkarlığın qarşısının alınmasında əhəmiyyətli rola malikdir.
Türk Dövlətlər Təşkilatına daxil olan ölkələr arasında ayrı-ayrı sahələrin inkişafı təşkilat arasında münasibətləri daha möhkəmləndirir və gələcəkdə üzv ölkələrin vahid mərkəzdən idarə olunmasına böyük zəmin yaradır”.
Fidan Hacızadə
07:11 19.12.2024
Oxunuş sayı: 5643