Turizm təkcə iqtisadi yox, mədəni silahdır – Qazaxıstanlı ekspert
Son illərdə turizm sahəsində müşahidə olunan canlanma yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Bu sahə eyni zamanda ölkələr arasında mədəni əlaqələrin möhkəmlənməsində və ortaq dəyərlərin daha geniş şəkildə tanınmasında mühüm rol oynayır. Xüsusilə Türk dünyası ölkələri arasında turizmin inkişafı həm qarşılıqlı səfərlərin artmasına, həm də mədəni inteqrasiyanın dərinləşməsinə şərait yaradır. Bu kontekstdə Qazaxıstanın turizm siyasəti və region ölkələri ilə əməkdaşlıq istiqamətləri diqqət çəkir.
“Turizm potensialı Türk dünyasının mədəni birliyində böyük rol oynayır”.
Bu fikirləri Crossmedia.az-a açıqlamasında qazaxıstanlı iqtisad elmləri üzrə fəlsəfə doktoru Aruana Akişeva bildirib. Onun sözlərinə görə, son illərdə Qazaxıstan turizmi iqtisadi inkişafın əsas istiqamətlərindən biri kimi qiymətləndirir və bu sahədə həm daxili, həm də beynəlxalq səviyyədə ciddi dinamika müşahidə olunur:

“Qazaxıstan geniş ərazisi, zəngin təbii müxtəlifliyi və çoxşaxəli mədəni irsi sayəsində yüksək turizm potensialına malikdir. Altay dağlarından Xəzər dənizi sahillərinə qədər uzanan məkan müxtəlif turizm növləri üçün əlverişli şərait yaradır. Son illərdə ölkəyə gələn xarici turistlərin sayı artıq illik 12–15 milyona çatır və sabit şəkildə artır. Bu isə Qazaxıstanın turizm istiqaməti kimi böyük potensialını təsdiqləyir. Artımın əlavə hərəkətverici qüvvələrindən biri də tədbir turizmidir:Qazaxıstan getdikcə daha çox iri beynəlxalq və mədəni tədbirlərə ev sahibliyi edir. Məsələn, World Nomad Games-in keçirilməsi xarici auditoriyanın böyük marağına səbəb oldu. Bu oyunların bağlanış mərasimində dünya şöhrətli qazax ifaçısı Dimash Kudaibergenin konsertinə dünyanın müxtəlif ölkələrindən minlərlə pərəstişkar gəldi. Bundan əlavə, Backstreet Boys, Jennifer Lopez, Alessandro Safina, Enigma kimi dünya ulduzlarının konsertləri ölkədə baş tutub, bu il isə Enrique Iglesias-ın çıxışı planlaşdırılır. Bu cür tədbirlər Qazaxıstana beynəlxalq marağı artırır, turist axınının çoxalmasına, otellərin doluluq səviyyəsinin yüksəlməsinə və ölkənin iri mədəni tədbirlər məkanı kimi imicinin formalaşmasına töhfə verir”.
Aruana Akişeva qeyd edib ki, yalnız ölkəyə gələn turistlər deyil, həm də qazaxıstanlıların xaricə səfərləri regional turizm dinamikasını formalaşdırır:
“Statistikaya görə, hər il Qazaxıstan vətəndaşlarının təxminən 30–35%-i turistik məqsədlərlə xaricə səfər edir. Ən populyar istiqamətlər sırasında Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Gürcüstan ön sıralardadır. Son illərdə isə Azərbaycan, Səudiyyə Ərəbistanı, Qətər, Vyetnam, Tayland, Çexiya kimi istiqamətlərə maraq artmaqdadır. Bununla belə, Türkiyə uzun illərdir ki, liderliyini qoruyur”.
Onun sözlərinə görə, Azərbaycan son illərdə qazaxıstanlı turistlər üçün getdikcə daha cəlbedici istiqamətə çevrilir
“Azərbaycan müasir şəhər infrastrukturu ilə zəngin tarixi-mədəni irsin vəhdəti sayəsində turistləri cəlb edir. Bakı artıq populyar istiqamətlər sırasında möhkəm yer tutub. Qəbələ, Şəki və Naftalan kimi şəhərlər isə təbiət və autentik mədəniyyətin unikal sintezi ilə seçilir. Təcrübə göstərir ki, mədəni yaxınlıq və ortaq dəyərlər turistlərin seçimində əsas rol oynayır. Bu isə səfərləri daha rahat və emosional baxımdan daha cəlbedici edir. Nəticədə Qazaxıstandan Azərbaycana turist axınında davamlı artım müşahidə olunur”.
Ekspert vurğulayıb ki, bu proses qarşılıqlıdır:
“Qazaxıstan da Azərbaycan turistləri üçün getdikcə daha cəlbedici olur. Almatı və Astana ilə yanaşı, Türküstan şəhəri xüsusi maraq doğurur. Xoca Əhməd Yəsəvi irsi Türk dünyasının ortaq mədəni məkanının mühüm simvollarından biridir və mədəni-idrak turizmi üçün cazibə mərkəzi hesab olunur”.
Onun fikrincə, turizm yalnız iqtisadi deyil, həm də sosial-mədəni baxımdan strateji əhəmiyyət daşıyır:
“Turizm Türk dünyası ölkələri arasında əlaqələrin dərinləşməsində əsas rol oynayır. İnsanlar bir-birinin ölkələrinə səfər etdikcə ortaq tarix və mədəni irs daha dərindən və şüurlu şəkildə qavranılır. Bu isə rəsmi diplomatiyadan kənara çıxan dayanıqlı ictimai və mədəni bağların formalaşmasına şərait yaradır”.
O, həmçinin birgə təşəbbüslərin vacibliyini qeyd edib:“Ortaq turizm marşrutlarının hazırlanması, viza prosedurlarının sadələşdirilməsi və nəqliyyat əlaqələrinin inkişafı Türk məkanında turizm inteqrasiyasını sürətləndirə bilər. Bu, yalnız iqtisadi fayda gətirməyəcək, eyni zamanda xalqlar arasında etimadı və qarşılıqlı anlaşmanı gücləndirəcək”.
Sonda Aruana Akişeva vurğulayıb:
“Bu gün turizm artıq yalnız istirahət anlayışı ilə məhdudlaşmır, mədəni dialoq və regional əməkdaşlıq üçün mühüm platformaya çevrilir. O, insanlar arasında körpü rolunu oynayır və Türk dünyası kontekstində bu körpü xüsusi əhəmiyyət kəsb edir”.
Fatimə
18:10 14.04.2026
Oxunuş sayı: 69