Türkoloq: “Uyğur türklərinə dəstək göstərməyin vaxtıdır”
Dünya boyunca etnik və dini azlıqların hüquqları hələ də bir çox ölkədə ciddi təzyiqlərlə üzləşir.
Xüsusilə, Çinin Sincan bölgəsində yaşayan Uyğur türkləri uzun illərdir mədəni və dini azadlıqlarını qorumağa çalışırlar. Onların dili, adət-ənənələri və həyat tərzləri getdikcə məhdudlaşdırılır, hər il assimilyasiya riski artır.
Bu vəziyyət yalnız Uyğur türkləri üçün deyil, beynəlxalq hüquq və insan haqları prinsipləri baxımından da narahatlıq doğurur.
Hazırda Türk Dövlətləri Təşkilatı və beynəlxalq ictimaiyyət bu məsələdə öz mövqeyini ortaya qoymaq üçün kritik bir mərhələdədir.
Türkoloq-alim, fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri Faiq Ələkbərli Crossmedia.az-a açıqlamasında bildirib ki, Uyğur türkləri 75 ildən çoxdur – 1949-1950-ci illərdən etibarən Çin Xalq Respublikasının tərkibində məcburən yaşayırlar:

“Ötən 75 il ərzində Uyğur türkləri mövcud kommunist rejimin böyük təzyiqlərinə məruz qalıb. Belə ki, doğma dillərində təhsil almaqda ciddi problemlər var.
Eyni zamanda, milli adətlərini və İslam dininə aid adət-ənənələri yerinə yetirməkdə çox ciddi çətinliklərlə üzləşirlər. Məhz bunun nəticəsidir ki, 1990-cı illərdən etibarən Uyğur türkləri öz haqları uğrunda mübarizəni daha da ciddi mərhələyə daşımağa çalışırlar.
Ancaq Çinin mövcud kommunist rejimi daha sərt addımlar atır. Xüsusən də, Sincan Uyğur Muxtar Vilayətində milyonlarla Uyğur türkü təzyiqlərlə üzləşir və assimilyasiyaya məruz qalır. Hər il assimilyasiya daha da sürətlənir”.
Türkoloqun sözlərinə görə, Sincan Uyğur Muxtar Vilayətində təxminən 20 milyondan çox Uğur türkü yaşayır:
“Başqa ölkələrdə də Uğur türkləri, qazaxlar, özbəklər və digərləri var. Ancaq ən çox təzyiqlərə məruz qalan Uyğur türkləridir. Onların dil məsələsi və öz əlifbalarından istifadə etməsinə ciddi qadağalar var. İndi müəyyən dərəcədə özlərini ifadə edirdilərsə, Çinin kommunist rejimi həmin cüzi azadlıqları da əllərindən almaq istəyir.
12 mart 2026-cı ildə Çin tərəfindən imzalanan 56 etnik qrupla bağlı sənəd isə milli birlik və ifadə azadlığı ilə bağlı addımlar atır. Lakin əslində, burada da müəyyən dil və əlifba azadlıqları məhdudlaşdırılır. Ümumiyyətlə, Uyğurlarla bağlı bütün azadlıqlar daha da məhdudlaşdırılır. Böyük Çin mədəniyyəti, Çin milləti adı altında Uyğur türkləri və Uyğur müsəlmanları assimilyasiya olunmağa davam edir”.
F.Ələkbərli əlavə edib ki, Türk Dövlətləri Təşkilatı bu məsələdə mövqeyini ortaya qoymalıdır:
“Uyğur türklərinə sahib çıxacaq ancaq türk və türk-müsəlman dövlətləri ola bilər. Təəssüf ki, hələlik bu istiqamətdə ciddi irəliləyiş görünmür.
Şübhəsiz ki, Uyğur türklərinin öz müqəddəratını təyin etməsi və kimliyini qoruması üçün ciddi dəstəyə ehtiyacı var. Çin rejimi isə hər il onların haqlarını əllərindən alır. Bu addımlar Uyğur türklərini tamamilə aradan qaldırmağa, assimilyasiya etməyə yönəlib. Türk Dövlətləri Təşkilatı heç olmasa rəsmi şəkildə Çin hökumətinə etirazını bildirməlidir. Uyğur türklərinin tam assimilyasiya olunması türk dövlətləri üçün də yaxşı hal deyil. Çin region ölkələrinə – xüsusilə, Qazaxıstan, Qırğızıstan və digər qonşu türk dövlətlərinə təsir göstərir. Belə bir məqamda Uyğur türklərinə sahib çıxmağın zamanıdır. Sonra gec ola bilər. Hesab edirəm ki, Uyğur türklərinə artıq ciddi şəkildə dəstək göstərilməlidir”.
Fatimə Məmmədova
14:23 03.04.2026
Oxunuş sayı: 170