Türk dövlətləri arasında qış və dağ turizmi sahəsində ortaq strategiya hazırlana bilər
Türk Dövlətləri Təşkilatının və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının birgə təşkilatçılığı ilə qış turizminin inkişafında xizək kurortlarının və idman tədbirlərinin rolu mövzusuna həsr olunan toplantı keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvohid Azimov Türk dünyasında turizm sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu deyib.
O, qış turizminin, eləcə də qış idman yarışlarının türkdilli ölkələrin iqtisadiyyatında mühüm rol oynadığını və bu istiqamətdə ortaq layihələrin həyata keçirilməsinin, birgə yarışların təşkilinin və vahid turizm marşrutlarının formalaşdırılmasının strateji əhəmiyyət daşıdığını vurğulayıb. Mirvohid Azimov Türk Dövlətləri Təşkilatının fəaliyyətinin prioritet istiqamətlərindən birinin türk dövlətlərini turizm sahəsində inteqrasiya olunmuş, vahid yanaşma əsasında fəaliyyət göstərən və beynəlxalq miqyasda rəqabətqabiliyyətli məkan kimi formalaşdırmaq olduğunu qeyd edib.
Türkdilli dövlətlərin dağ-xizək kurortları arasında koordinasiyanın gücləndirilməsinin vacibliyinə toxunan Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının Baş katibi Orxan Bədəlov deyib: “Təcrübə mübadiləsinin aparılması və birgə marketinq layihələrinin həyata keçirilməsi gələcəkdə ortaq turizm brendinin formalaşmasına xidmət edəcək. İttifaqın əsas hədəfi üzv kurortlar arasında davamlı əməkdaşlıq mexanizmlərini inkişaf etdirmək, xidmət keyfiyyətini yüksəltmək və Türk dünyasını qış və yay turizminin cəlbedici mərkəzlərindən birinə çevirməkdir”.
Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə qış turizminin inkişafında beynəlxalq səviyyəli idman yarışlarının xüsusi yer tutduğunu və turist cəlbediciliyi baxımından böyük önəm kəsb etdiyini qeyd edib. “Beynəlxalq idman federasiyaları və təşkilatları ilə qurulan əməkdaşlıq çərçivəsində qış idman tədbirlərinin təşkili artıq ölkənin turizm potensialının nümayişi üçün mühüm marketinq alətinə çevrilir. Bu səpkili yarışların ölkə imicinin formalaşmasına müsbət təsir göstərir. Belə toplantılar türk dövlətləri arasında təcrübə mübadiləsinin dərinləşdirilməsinə, tədbirlər barədə ölkələrimizdə məlumatlılığın artırılmasına, ortaq təşəbbüslərin təşviqinə, vahid kommunikasiya strategiyasının formalaşdırılmasına və qarşılıqlı dəstəyin gücləndirilməsinə mühüm zəmin yaradır”, - deyə K.Quluzadə əlavə edib.
Toplantında türk dövlətləri arasında qış və dağ turizmi sahəsində ortaq marketinq strategiyasının hazırlanması, investisiya imkanlarının təşviqi, kadr hazırlığı, iş birliyinin genişləndirilməsi və bir sıra digər məsələlər müzakirə olunub.
Tədbir çərçivəsində toplantı iştirakçılarına Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının rəsmi veb-səhifəsinin təqdimatı keçirilib.
Türk Dövlətləri Təşkilatının dəstəyi ilə yaradılan Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı hazırda Azərbaycan, Türkiyə, Özbəkistan və Qazaxıstandan olmaqla ümumilikdə 8 üzv kurortu özündə birləşdirir.
14:18 18.02.2026
Oxunuş sayı: 510