Afrika dünya siyasətində güclənir? - EKSPERT RƏYİ
Əlcəzair Prezidenti Əbdülməcid Təbbun dünya miqyasında artan gərginliklər və böyük dövlətlər arasında mövcud fikir ayrılıqlarının qlobal sülh və təhlükəsizliyə ciddi təhdid yaratdığını qeyd edib. O, bu vəziyyətin Afrikaya da mənfi təsir göstərdiyini vurğulayaraq, qitənin daha artıq arxa planda qalmasını qəbul etməyəcəyini bildirib. Təbbun, Afrikanın birləşərək beynəlxalq səhnədə daha güclü mövqe tutmasının zəruriliyini ifadə edib. Onun sözlərinə görə, Afrika ölkələri öz səs hüquqlarını qlobal miqyasda müdafiə etməli və xüsusilə BMT kimi platformalarda sülh və təhlükəsizliklə bağlı qərarların qəbulunda aktiv iştirak etməlidir.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, dünya siyasətində baş verən gərginliklərin həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəblərə ərzaq qıtlığı, iqlim dəyişiklikləri və qlobal pandemiya kimi faktlar daxildir. Subyektiv səbəblər isə bəzi imperialist dövlətlərin öz maraqlarını qorumaq və iqtisadi üstünlüklərini artırmaq üçün həyata keçirdikləri kolonialist siyasətlərdir. Bu siyasətlərin nəticəsində yaranan müharibələr və toqquşmalar kasıb regionlar üçün daha ağır nəticələr doğurur.
Kənan Novruzov hesab edir ki, beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin bu problemlərin həllindəki rolu yetərincə effektiv deyil: "BMT və digər beynəlxalq qurumlar çox zaman kasıb regionların inkişafı üçün real addımlar atmır. Bu isə Afrikadan tutmuş Cənubi Qafqaza qədər bir çox bölgələrdə mövcud problemləri daha da dərinləşdirir. Azərbaycan da qlobal ərzaq və enerji böhranlarının təsirlərini hiss edir."
Ekspert Türkiyənin bu kontekstdə əzilən ölkələrə verdiyi dəstəyi xüsusi vurğulayır:
"Türkiyə yalnız humanitar yardımlarla kifayətlənmir, həm də imperialist aktorların maraqlarına qarşı çıxır. Lakin beynəlxalq sistem yenilənmədikcə, bu dəstək qlobal problemləri tam həll edə bilməz."
Kənan Novruzun fikrincə, mövcud beynəlxalq təhlükəsizlik sistemi köklü şəkildə islah olunmalıdır:
"Hazırkı sistem yalnız müvəqqəti həll yolları təklif edir. Əgər fundamental dəyişikliklər edilməzsə, qlobal sülh və təhlükəsizlik yenidən təhdid altında qalacaq."
Nihat Tahirov
13:12 02.12.2024
Oxunuş sayı: 10577