Afrika ölkələri niyə Azərbaycana maraq göstərir? – politoloq açıqladı
Bu gün dünyada Afrika Günü kimi qeyd olunur. 25 may tarixi Afrika xalqlarının həmrəyliyini, müstəqillik uğrunda mübarizəsini və qitənin gələcək inkişaf hədəflərini simvolizə edən mühüm beynəlxalq günlərdən biridir.
Müasir dövrdə Afrika artıq yalnız təbii sərvətləri ilə deyil, həm də geosiyasi, iqtisadi və texnoloji potensialı ilə dünyanın diqqət mərkəzində olan regionlardan birinə çevrilib.
Bu baxımdan, Afrika Günü təkcə tarixi əhəmiyyət daşımır, eyni zamanda qitənin beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha nümayiş etdirir.
Son illər Azərbaycanın Afrika ölkələri ilə münasibətlərində də nəzərəçarpacaq canlanma müşahidə olunur. Xüsusilə, son keçirilən beynəlxalq tədbirlər zamanı Azərbaycanın Afrika dövlətləri ilə qurduğu əməkdaşlıqlar, humanitar layihələr və inkişaf təşəbbüsləri diqqət çəkən məqamlardan biri olub.
Azərbaycan həm dövlət xətti, həm də Heydər Əliyev Fondu vasitəsilə Afrika ölkələrinə humanitar yardımlar göstərir, təhsil, səhiyyə və sosial layihələrin həyata keçirilməsinə dəstək verir. Bununla yanaşı, enerji, innovasiya və dövlət xidmətləri sahəsində Azərbaycanın təcrübəsi Afrika ölkələri üçün maraq doğuran nümunələrdən birinə çevrilib.
Bu əməkdaşlıqlar tərəflər üçün yeni imkanlar vəd edir. Azərbaycan Afrika ilə münasibətlərini genişləndirməklə beynəlxalq tərəfdaşlıq coğrafiyasını daha da gücləndirir, Afrika ölkələri isə Azərbaycanın enerji, rəqəmsal idarəetmə və innovativ inkişaf təcrübəsindən faydalanmaq imkanı əldə edir.
Xüsusilə “ASAN xidmət” modeli, enerji sahəsində təcrübə mübadiləsi və humanitar əməkdaşlıq gələcək münasibətlərin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlama verib:

“Son zamanlar Afrika ölkələrinə maraq xüsusilə artıb və dünyanın aparıcı dövlətləri artıq bu regiona daha ciddi diqqət yetirməyə başlayıblar. Bu marağın əsas səbəblərindən biri Afrika ölkələrinin zəngin yeraltı sərvətlərə malik olmasıdır.
Xüsusilə, Afrikanın cənub bölgəsi böyük mineral ehtiyatlarla zəngindir və bu da regionun strateji əhəmiyyətini artırır. Bununla yanaşı, Afrika ölkələri artıq yeni inkişaf mərhələsinə qədəm qoyur, iqtisadi və texnoloji transformasiya prosesləri sürətlənir.
Son dövrlərdə Azərbaycanın Afrika ölkələri ilə münasibətlərində də nəzərəçarpacaq inkişaf müşahidə olunur. Afrika liderlərinin Azərbaycana səfərləri intensiv xarakter alıb, Bakıda keçirilən görüşlər zamanı ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm razılaşmalar əldə edilir.
Xüsusilə, Afrikalı liderlərin Bakıda keçirdikləri görüşlərdə əsas müzakirə mövzularından biri yeraltı sərvətlərin istismarı sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsi, eləcə də innovativ istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi olub”.
Politoloq əlavə edib ki, eyni zamanda, Azərbaycanın beynəlxalq brendinə çevrilmiş “ASAN xidmət” modeli də Afrika ölkələrinin diqqət mərkəzindədir:
“Bir sıra Afrika dövlətləri bu layihənin idarəetmə mexanizmini öyrənmək məqsədilə Bakıda görüşlər keçirib və müəyyən razılıqlar əldə olunub. Bu isə göstərir ki, Azərbaycan yalnız enerji və iqtisadi sahədə deyil, dövlət xidmətlərinin təşkili və rəqəmsal idarəetmə sahəsində də öz təcrübəsini tərəfdaş ölkələrlə bölüşməyə hazırdır.
Düşünürəm ki, qarşıdakı dövrdə Azərbaycan ilə Afrika ölkələri arasında münasibətlərin inkişafı daha da sürətlənəcək. Xüsusilə, iqtisadi, enerji, innovasiya və texnologiya sahələrində əməkdaşlığın genişlənməsi gözlənilir.
Bununla yanaşı, Afrika ölkələrində həyata keçirilən iri layihələrdə rəsmi Bakının daha fəal iştirakı nəzərdə tutulur. Azərbaycan öz təcrübəsini bu ölkələrə ötürərək müxtəlif sahələrdə onların inkişafına töhfə verə bilər. Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı yalnız iqtisadi və siyasi sahələrlə məhdudlaşmır.
Humanitar istiqamətdə də Azərbaycan uzun illərdir aktiv fəaliyyət göstərir. İstər Somali, istərsə də digər Afrika ölkələrində humanitar böhranların aradan qaldırılması məqsədilə Azərbaycan mütəmadi şəkildə yardımlar edir.
Bu yardımlar həm dövlət xətti ilə, həm də Heydər Əliyev Fondu vasitəsilə həyata keçirilir. Təhsil, səhiyyə və sosial dəstək layihələri çərçivəsində Afrika ölkələrinə davamlı humanitar yardımların göstərilməsi Azərbaycanın beynəlxalq humanitar siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib”.
Ayhan
14:00 25.05.2026
Oxunuş sayı: 72