Türk sivilizasiyasının yeddi cildliyi gəlir: tarixi saxtalaşdırmaların elmi ifşası
Qazaxıstan bu ilin sonuna qədər türk sivilizasiyasına həsr olunmuş yeddi cildlik akademik tarix kitabı nəşr etməyi planlaşdırır. Nəşr müasir tədqiqat metodları əsasında hazırlanıb, milli kimlik və tarixi davamlılıq anlayışını gücləndirməyi hədəfləyir. Kitabda türk sivilizasiyasına xüsusi yer ayrılır və “Böyük Altay – türklərin ata-baba yurdu” mövzusunda beynəlxalq konfransın keçirilməsi də nəzərdə tutulur. Qeyd olunur ki, yeddicildliyin nəşri Qazaxıstanın müstəqilliyinin 35-ci ildönümünə təsadüf edəcək.
Məsələ ilə bağlı mütəxəssislər Crossmedia.az-a açıqlama veriblər. Türk dünyası məsələləri üzrə ekspert İlqar İlkin bildirib ki, Qazaxıstan Türküstan coğrafiyasında türklük şüurunu, türk tarixi və mədəniyyətini əsaslı şəkildə öyrənən və tədqiq edən əsas ölkələrdən biridir:

“Qazaxıstanlı alimlər akademik səviyyədə Qazaxıstan tarixi ilə yanaşı, ümumtürk tarixini müstəqillik dövrlərindən başlayaraq ciddi şəkildə araşdıran və onu dərsliklərdə tədris edən bir xətt götürüblər. Bu, ən doğru yanaşmadır. Türk dövlətlərinin tarixi və mədəniyyəti məhz ortaq tarixi keçmiş üzərində inşa olunmalıdır. Öz xalqının tarixi keçmişini araşdırmaq, onu bu günə uyğun şəkildə tədqiq edib təqdim etmək alimlərin işi olmalıdır. Qazaxlar müxtəlif türk tayfalarının birləşməsi ilə Mərkəzi Asiyada yeni bir boy yaratmış, Qızıl Orda dövlətini qurmuşdular. Onlar yaxşı bilirlər ki, 600 il əvvələ gedib çıxan bugünkü Qazaxıstanın tarixi qardaş türk xalqları ilə birliyə dayanır. Bu tarixin içərisində bu gün Rusiya ərazilərində yaşayan digər türk xalqlarının da tarixi keçmişi yer almaqdadır. Ona görə də bu məsələyə siyasi prizmadan deyil, tarixi reallıqlar üzərindən baxılmalıdır. Hesab edirəm ki, Qazaxıstanın hazırladığı yeddi cildlik tarix kitabları ümumtürk tarixini öyrənmək baxımından çox ciddi mənbə olacaq”.
İlqar İlkin bildirib ki, Beynəlxalq Türk Akademiyası Elm Şurasının 2022-ci ildə Astanada keçirilən V iclasında “Ortaq türk tarixi”, “Ortaq türk ədəbiyyatı” və “Türk dünyası coğrafiyası” dərsliklərinin hazırlanması ilə bağlı qərar qəbul olunub:
“Hesab edirəm ki, ortaq türk tarixinin bu çərçivədə hazırlanması daha məqsədəuyğun olardı. Qazaxıstan bu məsələdə aktivlik göstərir. Digər Türk dövlətlərinin də məsələyə adekvat yanaşması, ümumtürk tarixinin akademik səviyyədə öyrənilməsinə dəstək verməsi vacibdir. Ümumtürk tarixinin akademik səviyyədə araşdırılması və öyrənilməsi üçün aparıcı dünya universitetləri ilə əməkdaşlığın gücləndirilməsi də faydalı olardı”.
Mövzu ilə bağlı AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Faiq Ələkbərli bildirib ki, türk xalqlarının sivilizasiyasına həsr olunmuş yeddi cildlik akademik nəşrin hazırlanması olduqca önəmlidir:

“Bu mövzu işlənərkən bir sıra mühüm məqamlara xüsusi diqqət yetirilməlidir. Türk xalqlarının ata-baba yurdunun yalnız Altayla məhdudlaşdırılması doğru yanaşma deyil. Türküstan, Azərbaycan, hətta Anadolunun özü də qədim türk yurdlarıdır və bu coğrafiyalar türkün vətəni kimi qəbul edilməlidir. Məsələnin bu tərəfləri mütləq şəkildə nəzərə alınmalıdır.
Türk sivilizasiyası dünyanın ən qədim sivilizasiyalarından biridir, lakin bu irsi yalnız Altayla məhdudlaşdırmaq doğru olmaz. Bu məsələdə Qərb tarixçiliyinin, eləcə də Rusiya və Çin tarixşünaslığının yanaşmalarına əsaslanaraq yalnız Ural-Altay nəzəriyyəsi ilə kifayətlənmək düzgün deyil. Türk xalqları qədim dövrlərdən geniş bir coğrafiyada məskunlaşıblar və bu fakt bu gün də açıq şəkildə özünü göstərir”.
Faiq Ələkbərli vurğulayıb ki, türk sivilizasiyasını gənc bir mədəniyyət kimi təqdim etmək də yanlışdır:
“Türk sivilizasiyasının ən azı 4–5 min illik tarixi mövcuddur. Hətta bu tarix daha qədim dövrlərə gedib çıxır və bununla bağlı çoxsaylı elmi araşdırmalar aparılır. Türkiyə və xarici alimlər dəfələrlə etiraf ediblər ki, türk sivilizasiyası bəşər tarixinin ən qədim sivilizasiyalarından biridir.
Bəzi xarici tədqiqatçılar türk tarixini yalnız iki min illə məhdudlaşdırmağa çalışırlar. Toynbi, Hantinqton, Fukuyama kimi alimlərin yanaşmalarında bu tendensiya açıq görünür. Ümid edirəm ki, hazırlanacaq yeddi cildlik nəşrdə türk sivilizasiyasının tarixi daha doğru və daha qədim dövrlərdən başlayaraq təqdim olunacaq”.
O, Türk Akademiyasının dərc etdiyi ortaq tarix kitabına da toxunaraq qeyd edib ki, həmin nəşrdə müəyyən çatışmazlıqlar mövcuddur:
“Ümid edirik ki, bu yeddi cildlik fundamental əsərdə türk fəlsəfəsi, tarixi, ədəbiyyatı və mədəniyyəti sistemli və dərin şəkildə əksini tapacaq. Məhz bu halda biz türk kimliyinin həqiqi mahiyyətini ortaya qoya bilərik.
Nəşrdə “türk” anlayışının düzgün izahı da xüsusi əhəmiyyət daşıyır. Türk sözü yalnız etnik və milli kimlik anlamında deyil, eyni zamanda mədəni və fəlsəfi bir identiklik kimi təqdim olunmalıdır. Bu yanaşma türk sivilizasiyasının mahiyyətinin daha dolğun anlaşılmasına xidmət edər. Bütün bu məqamlar nəzərə alındığı təqdirdə, yeddi cildlik nəşr Türk dünyasının qlobal miqyasda öz sözünü deməsi üçün ciddi elmi və ideoloji baza rolunu oynaya bilər”.
Həmayıl Şükürova
10:30 22.01.2026
Oxunuş sayı: 2868