Xarkova hücum iddiası: azı 30 nəfər xəsarət alıb
Ukrayna hakimiyyətinin məlumatına görə, Xarkov şəhərinə edilən hücum nəticəsində azı 30 nəfər xəsarət alıb. Şəhər meri bildirib ki, zərbə çoxmərtəbəli yaşayış binasına dəyib, hadisə yerində ciddi dağıntılar qeydə alınıb. Xilasedicilər dağıntılar altında qalanların olub-olmadığını müəyyənləşdirmək üçün axtarış-xilasetmə işlərini davam etdirirlər.
Crossmedia.az xəbər verir ki,rəsmi Kiyev hücumun yaşayış məntəqəsini hədəf aldığını vurğulayaraq, mülki əhali arasında yaralıların sayının arta biləcəyini istisna etmir. Hadisə ilə bağlı şəhərin bir neçə rayonunda fövqəladə rejim tətbiq edildiyi, sakinlərə təhlükəsizlik tədbirlərinə əməl etməyin tövsiyə olunduğu bildirilir.
Bununla yanaşı, Rusiya Müdafiə Nazirliyi Xarkova zərbə endirilməsi iddiasını təkzib edib. Nazirliyin açıqlamasında qeyd olunur ki, partlayışdan əvvəl çəkildiyi deyilən görüntülərdə güclü tüstülənmə müşahidə olunur və bu, Ukrayna Silahlı Qüvvələrinə məxsus sursatların detonasiyasına işarə edə bilər.
Tərəflərin bir-birini ittiham etməsi fonunda hadisənin dəqiq səbəbləri ilə bağlı araşdırmalar davam edir. Beynəlxalq müşahidəçilərin və müstəqil qurumların mövqeyi hələlik açıqlanmayıb.
Nastya Qəniyeva
12:38 03.01.2026
Oxunuş sayı: 3442