Venesuela ABŞ-nin hərbi təcavüzünü pisləyib, səfərbərlik elan edib
Venesuela ABŞ-nin ölkəyə qarşı həyata keçirdiyi hərbi təcavüzü kəskin şəkildə pisləyib və ümumi səfərbərlik elan edib. Bu barədə Venesuelanın xarici işlər naziri İvan Hil Pinto məlumat verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Rəsmi açıqlamada bildirilir ki, ABŞ-nin Karakasda, eləcə də Miranda, Araqua və La-Quayra ştatlarında mülki və hərbi obyektlərə endirdiyi zərbələr BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirilir. Qeyd olunur ki, bu addımlar Latın Amerikası və Karib regionunda sülh və sabitliyə ciddi təhlükə yaradır və milyonlarla insanın həyatını risk altına qoyur.
Prezident Nikolas Maduro əhalinin və dövlət institutlarının müdafiəsi məqsədilə milli müdafiə planlarının tətbiqi barədə göstəriş verib. O, həmçinin ölkə üzrə “xarici təhlükə vəziyyəti”nin elan edilməsi haqqında fərman imzalayıb.
Venesuela hakimiyyəti bütün sosial və siyasi qüvvələri səfərbərliyə, təcavüzə qarşı birgə müqavimət göstərməyə və ölkənin müdafiəsinə hazır olmağa çağırıb.
Bununla yanaşı, Venesuela diplomatik kanallar vasitəsilə ABŞ-nin hərbi təcavüzü məsələsini BMT Təhlükəsizlik Şurasında, eləcə də CELAC və Qoşulmama Hərəkatı çərçivəsində qaldıracağını bildirib.
Rəsmi Karakas BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən qanuni özünümüdafiə hüququna malik olduğunu bəyan edib və beynəlxalq ictimaiyyəti Venesuelaya dəstək verməyə çağırıb.
Türkanə Məşədiyeva
12:20 03.01.2026
Oxunuş sayı: 3418