Tehran BMT-yə xəbərdarlıq etdi: ABŞ hücumu olarsa, özümüzü müdafiə edəcəyik
İran ABŞ prezidenti Donald Trampın ölkədə baş verən etirazlarla bağlı paylaşımını pisləyərək Birləşmiş Millətlər Təşkilatına və BMT Təhlükəsizlik Şurasına rəsmi məktub ünvanlayıb. Məktubda Tehranın ABŞ tərəfindən istənilən mümkün hücuma qarşı özünü müdafiə etmək hüququnu saxladığı vurğulanıb.
Crossmedia.az xəbər verir ki, İran tərəfi Trampın açıqlamalarını ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib və bu cür bəyanatların regionda gərginliyi daha da artırdığını bildirib. Rəsmi Tehran beynəlxalq ictimaiyyəti ABŞ-ın ritorikasına diqqət yetirməyə çağırıb.
Bu hadisələr fonunda ABŞ-nin dövlət katibi Mayk Pompeo İranda baş verən etirazlara münasibət bildirərək qalmaqallı paylaşım edib. O yazıb:
“Yeni iliniz mübarək - küçələrdə olan hər bir iranlıya. Həmçinin onların yanında addımlayan hər bir ‘Mossad’ agentinə də…”
Pompeonun bu fikirləri İranda etirazların xarici qüvvələrlə əlaqələndirilməsi cəhdləri kimi dəyərləndirilib və əlavə gərginlik yaradan açıqlama hesab olunur. Müşahidəçilərin fikrincə, qarşılıqlı sərt bəyanatlar ABŞ-İran münasibətlərində mövcud olan böhranı daha da dərinləşdirə bilər.
Sevinc Yarməmmədova
11:59 03.01.2026
Oxunuş sayı: 3202