Trampın Zelenskiyə qarşı kobud davrandığı iddia edilib
ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə 28 dekabr 2025-ci ildə ABŞ-yə səfəri zamanı kobud münasibət göstərdiyi iddia olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat yayıb.
Belə ki, adının açıqlanmasını istəməyən yüksək rütbəli diplomat Trampın Mar-a-Laqoda keçirilən görüş zamanı Zelenskiyə qarşı sərt və uyğun olmayan davranış sərgilədiyini bildirib. Diplomat bu münasibəti “zalımcasına” kimi dəyərləndirib və Putinin görüşlərdən əvvəl Tramp ilə apardığı telefon danışıqlarında manipulyativ mövqe tutduğunu iddia edib.
Məlumata görə, ABŞ–Ukrayna danışıqlarında mövcud vəziyyət Kiyev üçün daha məqbul sayılsa da, Moskva üçün əlavə etiraz doğuran məqamlar yaranıb. Tərəflərin müəyyən güzəştlərə gedə biləcəyi qeyd edilsə də, əsas maneələrin qalması razılaşmanın hələ uzaq olduğunu göstərir.
Xəbərdə həmçinin Ukraynaya verilməsi nəzərdə tutulan təhlükəsizlik zəmanətlərinin müddətinin uzadılmasının Rusiyanı narahat etdiyi vurğulanıb.
Xatırladaq ki, Tramp 28 dekabrda Mar-a-Laqoda Zelenski ilə görüşdən sonra tərəflərin razılaşmaya yaxın olduğunu açıqlayıb. Lakin bir gün sonra Rusiya Ukraynanın Putinin Novqorod bölgəsindəki iqamətgahına İHA hücumu cəhdi etdiyini iddia edib. Zelenski isə bu iddiaları təkzib edərək, hücumun baş vermədiyini bildirib.
Fatimə Məmmədova
10:09 03.01.2026
Oxunuş sayı: 6266