BYD Tesla-nı geridə qoyaraq elektrik avtomobil bazarının lideri oldu
BYD ilin sonuna olan nəticələrə əsasən həm satış həcmi, həm də istehsal göstəricilərinə görə Tesla-nı geridə qoyaraq dünyanın ən böyük elektromobil istehsalçısı mövqeyinə yüksəlib. Çin şirkətinin sürətli yüksəlişi əsasən daxili bazarda güclü dövlət dəstəyi, geniş model çeşidi və daha münasib qiymət siyasəti ilə izah olunur.
Crossmedia.az xəbər verir ki,analitiklərin fikrincə, BYD-nin uğurunda hibrid və tam elektrik avtomobillərinin paralel istehsalı, eləcə də batareya texnologiyalarında əldə etdiyi üstünlüklər mühüm rol oynayıb. Şirkət eyni zamanda Asiya, Avropa və Latın Amerikası bazarlarında mövqelərini sürətlə genişləndirir.
Tesla isə son illər artan rəqabət, qiymət müharibələri və bəzi əsas bazarlarda satış tempinin zəifləməsi ilə üzləşib. Bununla belə, ekspertlər qeyd edirlər ki, ABŞ şirkəti texnoloji yeniliklər və proqram təminatı sahəsində hələ də güclü mövqeyə malikdir.
Elektromobil bazarında liderliyin BYD-yə keçməsi qlobal avtomobil sənayesində güc balansının tədricən Asiyaya doğru dəyişdiyini göstərən mühüm göstəricidir.
Nastya Qəniyeva
02:30 03.01.2026
Oxunuş sayı: 1554