Avropa 2025-ci ildə rekord həcmdə maye qaz idxal edib
Avropa ötən il tarixində ən böyük həcmdə mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib.
2025-ci ildə Avropa terminallarından Avropa İttifaqının qaz nəqliyyat sisteminə ötürülən LNG həcmi 142 milyard kubmetrdən çox olub. Bu göstərici 2024-cü illə müqayisədə 28 faiz artım deməkdir və indiyədək qeydə alınan ən yüksək səviyyədir.
Crossmedia.az xəbər verir ki,ekspertlərin fikrincə, LNG idxalında kəskin artım Avropanın enerji təhlükəsizliyini gücləndirmək, qaz tədarükünü şaxələndirmək və boru kəmərləri vasitəsilə alınan qazdan asılılığı azaltmaq strategiyası ilə bağlıdır. Xüsusilə Rusiya-Ukrayna münaqişəsindən sonra Avropa ölkələri ABŞ, Qətər və digər LNG ixracatçıları ilə uzunmüddətli müqavilələr imzalamağa üstünlük verib.
Qeyd olunur ki, LNG terminallarının ötürmə qabiliyyətinin genişləndirilməsi və yeni infrastruktur layihələrinin istifadəyə verilməsi də idxalın artmasına ciddi təsir göstərib. Analitiklər hesab edirlər ki, mövcud tendensiya yaxın illərdə də davam edəcək və LNG Avropanın enerji balansında əsas rol oynayan mənbələrdən biri olacaq.
Nastya Qəniyeva
23:55 02.01.2026
Oxunuş sayı: 973