Zelenski Kirill Budanova Prezident Administrasiyasına rəhbərlik etməyi təklif edib
Ukrayna Prezidenti Volodimir Zelenski Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanova Prezident Administrasiyasına rəhbərlik etməyi təklif edib. Bu barədə Ukrayna lideri açıqlama verib.
Crossmedia.az bu barədə xəbər verir. Zelenski bildirib ki, hazırkı mərhələdə Ukrayna üçün əsas prioritetlər təhlükəsizlik məsələləri, Silahlı Qüvvələrin inkişafı və beynəlxalq danışıqlarda diplomatik xəttin gücləndirilməsidir. Prezidentin sözlərinə görə, Prezident Administrasiyası bundan sonra məhz bu strateji vəzifələrin icrasına xidmət etməlidir.
“Hazırda Ukraynanın diqqətini daha çox təhlükəsizlik, ordunun gücləndirilməsi və danışıqlarda diplomatik istiqamətə yönəltməsi vacibdir. Prezident Ofisi dövlətimizin məhz bu əsas vəzifələrinin yerinə yetirilməsinə xidmət edəcək. Kirill bu sahələrdə xüsusi təcrübəyə malikdir və qarşıya qoyulan məqsədlərə çatmaq üçün kifayət qədər gücə sahibdir”, – deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, Kirill Budanov Ukraynada təhlükəsizlik və kəşfiyyat sahəsində əsas fiqurlardan biri hesab olunur və müharibə dövründə həyata keçirilən bir sıra mühüm əməliyyatlarda fəal rol oynayıb. Onun mümkün təyinatı Prezident Administrasiyasının fəaliyyətində təhlükəsizlik və hərbi-siyasi koordinasiyanın daha da gücləndirilməsi kimi qiymətləndirilir.
Sevinc Yarməmmədova
22:25 02.01.2026
Oxunuş sayı: 1274