Elektrik kəsilməsi Avropa dəmir yolunu iflic etdi: Eurostar qatarları ləğv olundu
London–Paris, Brüssel və Amsterdam marşrutları üzrə dəmir yolu xidmətlərini həyata keçirən Eurostar şirkəti Kanal tunelində baş verən elektrik kəsilməsi səbəbindən dekabrın 30-da bütün qatar reyslərinin ləğv edildiyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin məlumatına görə, nasazlıq yalnız sərnişin qatarlarına deyil, eyni zamanda Fransanın Kale və İngiltərənin Folkestone şəhərləri arasında avtobus, yük maşınları və minik avtomobillərini daşıyan Le Shuttle yük qatarlarının fəaliyyətinə də təsir göstərib.
Bəyanatda bildirilib ki, yerüstü enerji təchizatında yaranan problem və nəticədə Le Shuttle qatarlarından birinin sıradan çıxması Kanal tunelinin müvəqqəti olaraq bağlanmasına səbəb olub.
“Bu vəziyyətlə əlaqədar bu gün bütün xidmətləri növbəti xəbərdarlığa qədər dayandırmaqdan başqa çıxış yolumuz yoxdur”, – deyə şirkət qeyd edib.
Qeyd edək ki, baş verən hadisə səbəbindən minlərlə sərnişinin səyahət planları pozulub. Eurostar sərnişinlərə yenilənmiş məlumatları rəsmi kanallar vasitəsilə izləməyi tövsiyə edib.
21:21 31.12.2025
Oxunuş sayı: 935