2025 Cənubi Qafqaz üçün uğurlu il oldu, 2026 üçün sülh proqnozlaşdırılır
Ukraynalı politoloq Taras Kuzionun Cənubi Qafqazda 2025-ci ilin yekunları və 2026-cı il üçün gözləntilərə həsr olunmuş məqaləsi dərc edilib.
Crossmedia.az bu barədə EU Reporter saytına istinadən xəbər verir.
Məqalədə bildirilir ki, 2025-ci il Cənubi Qafqaz üçün uğurlu olub və Ermənistan–Azərbaycan arasında ən uzunmüddətli münaqişə Ağ Evdə əldə olunan razılaşmalarla tənzimlənib. ABŞ Prezidenti Donald Trampın bu prosesdəki rolu əsasən simvolik xarakter daşıyıb.
Taras Kuzio qeyd edir ki, erməni–azərbaycanlı münaqişəsi postsovet məkanında ən mürəkkəb müharibə olub. Birinci Qarabağ müharibəsindən sonra Ermənistan təxminən 30 il ərzində Azərbaycanın 20 faizə yaxın ərazisini nəzarətdə saxlayıb. “Böyük Ermənistan” ideyasından imtina isə yalnız Azərbaycanın 2020 və 2023-cü illərdə bu əraziləri geri qaytarmasından sonra baş verib.
Müəllif yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın sovet dövrünün beynəlxalq sərhədlərini tanıması millətçilikdən geri addım və Bakı ilə sülhə, həmçinin Türkiyə ilə münasibətlərin normallaşmasına doğru mühüm addım olub. Paşinyan eyni zamanda Ermənistanın təcrid olunmasının ölkəni Rusiyanın təsir dairəsində saxladığını etiraf edib. Vaşinqtonda imzalanan sənədlər Ermənistan–Rusiya əlaqələrinin zəifləməsi və Avropa ilə inteqrasiyanın güclənməsi üçün yol açır.
Məqalədə vurğulanır ki, Zəngəzur dəhlizi məsələsinin həlli üçün də əsas yaranıb. ABŞ tərəfindən təklif olunan TRIPP layihəsi İranı yan keçməyə və Rusiyanın təsirini azaltmağa imkan verir. Nəqliyyat və enerji marşrutlarının inkişafı ticarəti gücləndirəcək, Ermənistan isə Azərbaycan, Türkiyə və Gürcüstanla birlikdə neft və qaz tranzitində iştirak edə biləcək.
Kuzio qeyd edir ki, Rusiya və İran ABŞ və Aİ-nin regionda təsirinin artmasına qarşı çıxırlar. Ukraynadakı müharibə səbəbindən Rusiyanın zəiflədiyi və Cənubi Qafqazdakı təsirinin azaldığı bildirilir. Bununla belə, Moskva KTMT və Aİİ vasitəsilə Ermənistana təsir rıçaqlarını saxlayır.
Məqalədə həmçinin qeyd olunur ki, Aİ Ermənistanla Strateji Tərəfdaşlıq Gündəliyini qəbul edib, lakin sənədlərdə Qarabağa istinadların qalması Azərbaycanın Avropadan uzaqlaşmasına səbəb ola bilər. Buna baxmayaraq, Azərbaycanın Aİ üçün enerji təhlükəsizliyində mühüm roluna rəğmən, əsas Avropa yardımı Ermənistana yönəlib.
Taras Kuzio yazısını belə yekunlaşdırır: strateji baxımdan mühüm regionda sülh bərqərar olub. 2026-cı ildə Ermənistan və Azərbaycan sülh razılaşmalarını inkişaf etdirəcək, ticarəti genişləndirəcək və təhlükəsizliyi möhkəmləndirəcək: Ermənistan Avropaya, Azərbaycan isə türk dünyasına inteqrasiyanı gücləndirəcək.
Günel Verdiyeva
16:56 30.12.2025
Oxunuş sayı: 1319