BƏƏ Rusiyaya qarşı iddia edilən hücumu pislədi
Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin iqamətgahının hədəfə alınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Nazirliyin yaydığı rəsmi bəyanatda bu cür hücum cəhdlərinin qətiyyətlə pisləndiyi vurğulanıb və hadisənin regional və beynəlxalq təhlükəsizlik və sabitlik üçün ciddi təhdid olduğu qeyd edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bəyanatda həmçinin BƏƏ-nin Rusiya rəhbərliyi və Rusiya xalqı ilə həmrəy olduğu bildirilib, gərginliyi artıran və sabitliyi pozan hər cür zorakılıq aktlarının qəbuledilməz olduğu xüsusi olaraq diqqətə çatdırılıb.
Eyni zamanda, rəsmi Abu-Dabi münaqişə tərəflərini təmkin nümayiş etdirməyə, gərginliyin daha da dərinləşməsinə yol verməməyə və diplomatik yollarla həllə üstünlük verməyə çağırıb.
Qeyd edək ki, Rusiya tərəfi Prezident Vladimir Putinin iqamətgahının hücuma məruz qaldığını iddia etsə də, Ukrayna Prezidenti Volodimir Zelenski bu məlumatları təkzib edib və Moskvanın açıqlamalarını yalan adlandırıb.
Hazırda məsələ ilə bağlı tərəflər arasında ziddiyyətli açıqlamalar davam edir və beynəlxalq ictimaiyyət hadisənin detallarını diqqətlə izləyir.
Sevinc Yarməmmədova
13:58 30.12.2025
Oxunuş sayı: 3136