Tramp və Netanyahu görüşü: İran və regionla bağlı əsas açıqlamalar
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu Florida ştatında görüş keçiriblər. Görüşdə əsas müzakirə mövzuları İranla bağlı təhlükəsizlik məsələləri və Yaxın Şərqdə mövcud vəziyyət olub.
Crossmedia.az xəbər verir ki,Donald Tramp bildirib ki, Vaşinqtonun əlində İranın hərbi potensialını artırmağa cəhd göstərməsi ilə bağlı məlumatlar var. ABŞ prezidenti vurğulayıb ki, bu məlumatlar təsdiqlənərsə, Vaşinqton sərt cavab verməyə hazırdır.
“Əgər bu baş verərsə, biz bütün gücümüzlə zərbə endirəcəyik. Amma ümid edirəm ki, belə bir vəziyyət yaranmayacaq”, – deyə Tramp qeyd edib.
ABŞ liderinin sözlərinə görə, Tehranın yenidən danışıqlar masasına qayıtmaq istədiyinə dair siqnallar var. Tramp bunu İran üçün gərginliyin artırılmasından daha “ağıllı addım” adlandırıb.
Netanyahunun İran obyektlərinə mümkün zərbələri ilə bağlı sualı cavablandıran Tramp, İranın nüvə proqramı ilə bağlı real təhlükə yaranacağı təqdirdə İsrailin hərbi addımlar ata biləcəyini istisna etməyib. O, belə hallarda “sürətli qərarların” vacibliyini vurğulayıb.
Qəzza sektoruna Türkiyə qoşunlarının yerləşdirilməsi ehtimalına toxunan Tramp, bu məsələni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsən müzakirə etməyi planlaşdırdığını bildirib. ABŞ prezidenti Ərdoğanla “yaxşı münasibətlərinin” olduğunu deyərək onu “əla” və “çox yaxşı lider” kimi xarakterizə edib.
Donald Tramp Qəzza sektorundakı vəziyyəti “tam bir xaos” və “son dərəcə ağır” adlandırıb. O, böhranın uzunmüddətli xarakter daşıdığını qeyd etməklə yanaşı, sektorun bərpası prosesinin yaxın vaxtlarda başlayacağını bildirib.
Nastya Qəniyeva
11:55 30.12.2025
Oxunuş sayı: 3090