Zelenski Donbasda azad iqtisadi zona məsələsini referendumda müzakirəyə çıxarmağa hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski Donbas bölgəsində azad iqtisadi zonanın yaradılması və tərəflərin qarşılıqlı şəkildə qoşunlarını geri çəkməsi məsələsinin referendum yolu ilə həll oluna biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki,onun sözlərinə görə, mümkün kompromis variantlarından biri Donbasda xüsusi statusa malik azad iqtisadi zonanın yaradılmasıdır.
“Düşünürəm ki, kompromis ondan ibarətdir ki, biz azad iqtisadi zona yaradaq və bir neçə kilometr geri çəkilməli olaq. Bu o deməkdir ki, Rusiya da bir neçə kilometr geri addım atmalıdır. Həmin azad iqtisadi zonanın konkret qaydaları olacaq. Belə bir məsələ üzrə referendum isə onun qəbul edilib-edilməməsinə qərar vermək üsuludur”, – deyə Zelenski vurğulayıb.
Ukrayna Prezidenti qeyd edib ki, belə bir mexanizm cəmiyyətin mövqeyini öyrənmək və mümkün razılaşmanın legitimliyini təmin etmək baxımından vacibdir. Onun sözlərinə görə, təhlükəsizlik, iqtisadi fəaliyyət və regional idarəetmə məsələləri həmin zonada ayrıca tənzimlənə bilər.
Zelenskinin bu açıqlaması Donbas ətrafında davam edən müzakirələr fonunda rəsmi Kiyevin kompromis variantlarını nəzərdən keçirdiyini göstərir. Bununla belə, belə bir referendumun keçirilib-keçirilməyəcəyi və mümkün razılaşmanın detalları hələlik açıq qalır.
Nastya Qəniyeva
12:15 30.12.2025
Oxunuş sayı: 2943