Mask Ağ Ev rəsmilərinin təzyiqindən sonra öz siyasi partiyasını yaratmaq fikrindən imtina edib
ABŞ-li milyarder və “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask öz siyasi partiyasını yaratmaq niyyətindən geri çəkilib.
Crossmedia.az xəbər verir ki,məlumata görə, ABŞ-ın vitse-prezidenti Cey Di Vens (J.D. Vance) və onun ətrafı, eləcə də Ağ Evin digər yüksək vəzifəli rəsmiləri Maskın mümkün siyasi ambisiyalarından ciddi şəkildə narahat olublar. Xüsusilə, Maskın böyük maliyyə imkanları və cəmiyyət üzərində təsir gücünün 2026-cı ilin noyabrında keçiriləcək ABŞ Konqresinə aralıq (midterm) seçkiləri ərəfəsində siyasi balansı dəyişə biləcəyi qorxusu əsas narahatlıq mənbəyi kimi göstərilir.
Mənbələrin bildirdiyinə görə, Ağ Evdə Maskın müstəqil siyasi qüvvə kimi çıxış etməsinin həm Respublikaçılar, həm də Demokratlar üçün gözlənilməz nəticələr doğura biləcəyi müzakirə olunub. Bu səbəbdən Vens və onun komandası Maskın siyasi səhnəyə ayrıca oyunçu kimi daxil olmasının qarşısını almağa çalışıb.
Nəticədə, İlon Maskın bu təzyiqlər fonunda öz partiyasını yaratmaq ideyasından imtina etdiyi qeyd olunur. Bununla belə, WP yazır ki, Maskın ABŞ siyasətinə sosial şəbəkələr və ictimai bəyanatlar vasitəsilə təsir göstərmək niyyətindən tamamilə vaz keçib-keçmədiyi hələ də açıq sual olaraq qalır.
Nastya Qəniyeva
22:05 29.12.2025
Oxunuş sayı: 3191