İsveçrə ordusunun komandiri: Ölkə tammiqyaslı hücuma qarşı müdafiəsizdir
İsveçrə Silahlı Qüvvələrinin komandanı Tomas Süssli ölkənin mümkün tammiqyaslı hərbi hücum qarşısında ciddi təhlükəsizlik problemləri ilə üz-üzə olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, mövcud hərbi imkanlar və müdafiə infrastrukturu İsveçrənin belə bir ssenariyə hazır olmadığını göstərir.
Komandir vurğulayıb ki, son illər müdafiə büdcəsinin azaldılması, hərbi texnikanın köhnəlməsi və şəxsi heyətin sayının məhdudlaşdırılması ordunun döyüş qabiliyyətinə mənfi təsir göstərib. Xüsusilə hava hücumundan müdafiə sistemlərinin və müasir silahların çatışmazlığı ciddi risk faktorları kimi qiymətləndirilir.
O, eyni zamanda Avropada təhlükəsizlik mühitinin dəyişdiyini, regional və qlobal münaqişələrin artdığını xatırladaraq İsveçrənin neytral statusuna baxmayaraq öz müdafiə strategiyasını yenidən nəzərdən keçirməli olduğunu qeyd edib.
İsveçrə ordusunun rəhbəri Tomas Süssli hökuməti və parlamenti müdafiə sahəsinə daha çox investisiya yatırmağa, ordunun modernləşdirilməsinə və ölkənin təhlükəsizliyinin gücləndirilməsinə çağırıb. Onun fikrincə, vaxtında atılacaq addımlar gələcəkdə daha böyük risklərin qarşısını ala bilər.
Günel Verdiyeva
12:57 29.12.2025
Oxunuş sayı: 2566