Rusiyalılar Azərbaycanla münasibətlərin pisləşməsindən narahatdır
“Rusiyalıların Milli Narahatlıq İndeksi. KROS” adlı araşdırma Novosibirsk vilayətində yaşayan sakinləri narahat edən əsas mövzuları üzə çıxarıb. Tədqiqatın nəticələrinə görə, sosial və iqtisadi problemlərlə yanaşı, xarici siyasətlə bağlı məsələlər də vətəndaşların gündəmində mühüm yer tutur.
Bu barədə Crossmedia.az "Rusların Milli Narahatlıq İndeksi" tədqiqatına istinadən xəbər verir.
Araşdırmada respondentlərin əsas narahatlıqları sırasında mobil internetin bloklanması, maliyyə fırıldaqçılığı və bu hallarla mübarizə tədbirləri, eləcə də Max messenjeri ilə yanaşı WhatsApp və Telegram-da zənglərin məhdudlaşdırılması yer alıb. Bundan əlavə, alkoqollu içkilərin satışına qadağa ilə bağlı regional təşəbbüslər də əhali arasında narazılıq doğuran mövzulardandır.
Diqqət çəkən məqamlardan biri də Rusiya–Azərbaycan münasibətlərinin kəskinləşməsinin narahatlıq siyahısına daxil olmasıdır. Bu amil xarici siyasi proseslərin rusiyalıların ictimai rəyinə təsir etdiyini göstərir.
Bundan başqa, benzin qıtlığı və yanacaqdoldurma məntəqələrində qiymət artımı, taksi bazarındakı vəziyyət, yay aylarında aviareyslərin kütləvi gecikməsi, süni intellektin insan həyatına təsiri ilə bağlı qorxular, eləcə də Yeqor Krid və Yelena Mizulina arasında yaşanan münaqişə də əsas narahatlıq doğuran mövzular sırasında yer alıb.
Türkanə Məşədiyeva
11:43 29.12.2025
Oxunuş sayı: 2732