Paşinyan ermənilərə “barabanlarla səslənməyə” çalışır
Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə paylaşdığı qeyri-adi video ilə diqqət çəkib. Videoda Paşinyan barabanda ifa edir və görüntüləri öz müəllifi olduğu poetik mətnlə müşayiət edir. Mətn “real Ermənistan” anlayışına həsr olunub.
Crossmedia.az xəbər verir ki,baş nazirin irəli sürdüyü bu konsepsiya onun sözlərinə görə, “mifik Ermənistan” təsəvvürünə alternativdir. Paşinyan “mifik Ermənistan” dedikdə, keçmişə və qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı ərazi iddialarına əsaslanan yanaşmanı nəzərdə tutur. “Real Ermənistan” isə mövcud sərhədlər, regional reallıqlar və praqmatik siyasət üzərində qurulan dövlət modeli kimi təqdim olunur.
Sosial şəbəkələrdə yayımlanan video erməni cəmiyyətində müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər bunu simvolik və kreativ mesaj kimi dəyərləndirsə də, digərləri baş nazirin bu addımını ciddi siyasi problemlər fonunda diqqəti yayındırmaq cəhdi kimi qiymətləndiriblər.
Müşahidəçilərin fikrincə, Paşinyanın bu cür paylaşımları onun cəmiyyətə yeni ideoloji xətt təqdim etmək və ictimai şüurda dəyişiklik yaratmaq cəhdinin bir hissəsidir. Lakin bu yanaşmanın erməni ictimai rəyində nə dərəcədə qəbul ediləcəyi hələ də açıq sual olaraq qalır.
Nastya Qəniyeva
22:00 27.12.2025
Oxunuş sayı: 895