Suriya Demokratik Qüvvələri Hələb yaxınlığında təhlükəsizlik postuna hücum edib
Cümə axşamı axşam saatlarında PKK/YPG terror təşkilatı kimi tanınan “Suriya Demokratik Qüvvələri” (SDQ) Hələbin şimalında, Şeyxan dairəvi yolunda Daxili İşlər Nazirliyinə məxsus nəzarət-buraxılış məntəqəsinə hücum edib. Bu barədə Hələb vilayətinin Daxili Təhlükəsizlik İdarəsinin rəhbəri, polkovnik Məhəmməd Abdel Qaninin açıqlamasında bildirib.
Crossmedia.az bu barədə SANA agentliyinə istinadən xəbər verir.
Hücum nəticəsində bir təhlükəsizlik əməkdaşı yaralanaraq tibbi yardım göstərilməsi üçün xəstəxanaya təxliyə olunub. Açılan atəş mənbələri mövcud prosedurlara uyğun şəkildə zərərsizləşdirilib.
Polkovnik Abdel Qani bildirib ki, bu cür hücumlar mövcud razılaşmaların açıq şəkildə pozulmasıdır. O, vətəndaşları gərginlik olan ərazilərdən uzaq durmağa və rəsmi göstərişlərə əməl etməyə çağırıb. Onun sözlərinə görə, Suriya dövləti asayişin qorunması və mülki əhalinin təhlükəsizliyi üçün səylərini davam etdirir, lakin SDQ tərəfindən atəşkəsin pozulması və təhlükəsizlik məntəqələrinə hücumlar lazımi cavab tədbirləri ilə qarşılanacaq. Polkovnik vurğulayıb ki, mümkün eskalasiya və onun nəticələrinə görə bütün məsuliyyət SDQ-nin üzərinə düşür.
Xatırladaq ki, ötən bazar ertəsi SDQ Hələbin bir neçə rayonunu minaatanlardan, reaktiv qurğulardan və iriçaplı silahlardan atəşə tutub. Nəticədə dörd mülki şəxs həlak olub, 15 nəfər yaralanıb. Daxili təhlükəsizlik qüvvələri sakinləri təxliyə edərək onların təhlükəsizliyini təmin edib.
Bundan əlavə, bu gecə Suriya Ərəb Ordusu Hələbin şərq kənarında, Tişrin bəndi ətrafında SDQ tərəfindən ordu mövqelərinə buraxılan pilotsuz uçuş aparatlarını vurub. Bu hadisə də 10 mart tarixli razılaşmanın pozulması kimi qiymətləndirilir.
Günel Verdiyeva
13:36 27.12.2025
Oxunuş sayı: 1333