Türkiyə XİN: Yəməndə baş verən hadisələr narahatedicidir
Türkiyənin Xarici İşlər Nazirliyi Yəməndə baş verən son hadisələrlə bağlı bəyanat yayıb. Rəsmi açıqlamada ölkədə gərginliyin artmasının ciddi narahatlıq doğurduğu bildirilib.
Crossmedia.az xəbər verir ki,bəyanatda vurğulanıb ki, Yəməndə davam edən zorakılıq və hərbi qarşıdurmalar mülki əhali üçün ağır humanitar nəticələrə səbəb olur, regionda sabitliyə və təhlükəsizliyə təhdid yaradır. Türkiyə XİN tərəfləri təmkinli olmağa, gərginliyi artıran addımlardan çəkinməyə çağırıb.
Nazirlik qeyd edib ki, Yəməndə böhranın həlli yalnız siyasi dialoq və diplomatik yollarla mümkündür. Açıqlamada beynəlxalq hüquqa və humanitar prinsiplərə riayət edilməsinin vacibliyi xüsusi vurğulanıb, mülki şəxslərin qorunmasının prioritet olduğu bildirilib.
Türkiyə XİN, həmçinin, Yəməndə davamlı sülhün təmin olunması üçün BMT-nin vasitəçilik səylərini dəstəklədiyini və beynəlxalq ictimaiyyətin bu istiqamətdə birgə addımlar atmasının vacib olduğunu qeyd edib.
Nastya Qəniyeva
11:46 27.12.2025
Oxunuş sayı: 3562