Rusiya 2027–2036-cı illər üçün dövlət silahlanma proqramını açıqlayıb
Rusiya 2027–2036-cı illəri əhatə edən yeni dövlət silahlanma proqramında nüvə triadasının modernləşdirilməsini və hərtərəfli hava hücumundan müdafiə sisteminin yaradılmasını prioritet istiqamətlər kimi müəyyənləşdirib. Bu barədə Kremlin Rusiya prezidentinin dövlət silahlanma proqramına həsr olunmuş iclası üçün hazırladığı materiallarda qeyd olunub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Sənəddə bildirilib ki, proqram çərçivəsində quru qoşunlarının döyüş imkanlarının artırılmasına, nüvə triadasının saxlanılması və yenilənməsinə, ölkə üzrə kompleks hava hücumundan müdafiə sisteminin formalaşdırılmasına, eləcə də Rusiya istehsalı olan silah və hərbi texnikanın ixrac potensialının gücləndirilməsinə xüsusi diqqət yetiriləcək.
Qeyd olunur ki, dövlət silahlanma proqramı silahların, hərbi və xüsusi texnikanın hazırlanması, istehsalı və döyüşə hazır vəziyyətdə saxlanmasını nəzərdə tutan uzunmüddətli planlaşdırma sənədidir. Proqram Rusiya prezidenti tərəfindən hər beş ildən bir təsdiqlənir və 10 il müddətində qüvvədə olur.
Yeni proqramın hazırlanmasında Rusiyanın milli təhlükəsizliyinə yönələn mövcud və gələcək bütün potensial təhdidlər nəzərə alınıb.
Türkanə Məşədiyeva
21:01 26.12.2025
Oxunuş sayı: 1172