Xameneyinin iqamətgahından üç kilometr aralıda 12 gizli çıxışı olan tunel aşkar edildi
Tehran bazarının altında12 gizli çıxışı olan və uzunluğu beş min metr olan tunel tapılıb.
Bir sıra sosial media istifadəçiləri bu tunellərin İranın ali dini rəhbəri Əli Xameneyinin gediş-gəliş yolu olduğunu təsdiq edən açıqlamalar verib və bildiriblər ki, o, əvvəllər yeraltı yollarla hərəkət edirmiş.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sosial media istifadəçiləri yayılan məlumatları İranın ali rəhbəri Əli Xameneyinin yeraltında gizlənməsi ilə əlaqələndiriblər.
Ancaq məsələ ilə bağlı xəbərin əsli ISNA agentliyinin bazar ertəsi paylaşdığı “Böyük Tehran Bazarının altında qanunsuz qazılmış tunellər – bazarın 3 hissəsi çökmə təhlükəsi ilə üz-üzədir” başlıqlı materiala aiddir.
Xəbərdə bildirilir ki, sözügedən tunellər Novruz bayramı günlərində aşkar edilib və məsələ ilə bağlı araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.
12 saylı ərazi üzrə bələdiyyə tunellərin qazılmasına 2010-cu illərdə başlandığını və bu prosesin ötən ilə qədər davam etdiyini ehtimal edir. Bələdiyyə qazıntını aparan şəxslərin hüquq-mühafizə orqanlarına məlum olduğunu açıqlasa da, adların açıqlanmasının hüquqi baxımdan mümkün olmadığını bildirib.
Bələdiyyənin bu açıqlamasından sonra mediada və ictimaiyyətdə Tehranda təxminən 5 min metr uzunluğunda tunel qazıldığı, lakin bunu edən şəxslərin naməlum qalması ilə bağlı müxtəlif xəbərlər yayılmağa başlayıb.
Bir sıra şəxslər isə bildirir ki, bu cür tunellərin bazardakı sahibkarlar və ya onların işçiləri tərəfindən qazılması mümkün deyil. Onların fikrincə, gizli şəkildə 5 min metrlik tunelin qazılması real görünmür. Bu şübhələr bəzi hallarda sərt ifadələrlə səsləndirilib və ictimaiyyətin yeraltı tikinti və gizli idarəetmə mexanizmləri barədə formalaşmış təsəvvürlərini əks etdirir.
Cəmiyyət hesab edir ki, İslam Respublikası öz fəaliyyətinin böyük hissəsini ictimaiyyətin gözündən kənarda, bağlı qapılar arxasında və hətta yerin altında həyata keçirən bir strukturdur. Bu baxımdan, tunellərin birbaşa hökumət qurumları tərəfindən qazılmış ola biləcəyi ehtimalı da irəli sürülür.
Qeyd edilir ki, SEPAH-ın hərbi doktrinası çərçivəsində dağların altında raket bazalarının, “raket şəhərlərinin” və yeraltı komandanlıq mərkəzlərinin yaradılması əsas strategiyalardan biri hesab olunur.
20:12 26.12.2025
Oxunuş sayı: 1046