İsrailin Livanda PUA zərbəsi nəticəsində İranın “Qüds Qüvvələri”nin zabiti öldürülüb
İsrailin Livanın şərqində həyata keçirdiyi pilotsuz uçuş aparatı (PUA) zərbəsi nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds Qüvvələri”nin zabiti öldürülüb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Aviçay Adrai X sosial şəbəkəsində ərəb dilində paylaşdığı video müraciətdə məlumat verib.
Crossmedia.az xəbər verir ki,onun sözlərinə görə, hücum zamanı “Qüds Qüvvələri”nin tanınmış zabitlərindən biri olan Hüseyn əl-Cövhəri zərərsizləşdirilib. Adrai bildirib ki, əməliyyat günün ikinci yarısında Livanın şərqində, Bekaa vadisində yerləşən Hoç əs-Seyyid Əli qəsəbəsində həyata keçirilib. Zərbə nəticəsində əl-Cövhərinin içində olduğu avtomobil hədəfə alınıb.
İDF sözçüsü qeyd edib ki, Hüseyn əl-Cövhəri son illər ərzində Suriyada və Livanda İsrailə qarşı yönəlmiş əməliyyatlara rəhbərlik edib. Onun sözlərinə görə, bu əməliyyat İsrailə qarşı təhlükələrin qarşısının alınması məqsədi daşıyıb.
Hadisə ilə bağlı İran və Livan tərəflərindən hələlik rəsmi açıqlama verilməyib. Regionda gərginliyin artdığı bir dövrdə baş verən bu insident Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinə dair narahatlıqları daha da gücləndirib.
Nastya Qəniyeva
11:35 26.12.2025
Oxunuş sayı: 1172